SOCAR və “ASAN Xidmət” anlaşma memorandumu və əməkdaşlıq sazişi imzaladı

Bu gün Bakıda SOCAR ilə “ABAD Xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək anlaşma memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.

 

APA TV xəbər verir ki, imzalanma mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri  İnam Kərimov, şirkət  və “ASAN Xidmət” rəhbərliyinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən "ASAN Xidmət"in sədri İnam Kərimov SOCAR və rəhbərlik etdiyi qurumun əməkdaşlığının əhəmiyyətindən geniş danışıb. O bildirib ki, SOCAR "ASAN Xidmət" vasitəsilə "ABAD Xidmət" - Ailə Biznesinə Asan Dəstək layihələrinə öz töhfəsini verəcək.

 

Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan SOCAR ilə “ASAN Xidmət” mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən SOCAR prezidenti Rövnəq Abdullayev 20 sentyabr - 10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılmış SOCAR İstiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN Xidmət”in və onun əməksevər kollektivinin mühüm dəstəyindən danışıb. O, prezidentinin fərmanı ilə “ASAN Xidmət”in tabeliyində yaradılmış “ABAD Xidmət”in rolunu yüksək qiymətləndirib.

 

Sonra SOCAR ilə “ABAD Xidmət” arasında anlaşma memorandumu və “ASAN Xidmət” arasında əməkdaşlıq sazişini şirkət prezidenti Rövnəq Abdullayev və “ASAN Xidmət”in rəisi İnam Kərimov imzalayıblar.

 

Sonda SOCAR istiqrazlarının təbliğ və təşviqində göstərmiş olduqları yüksək fəallıq və məhsuldar əməkdaşlığa görə “ASAN Xidmət”in bir qrup əməkdaş və könüllülərinə şirkətin Fəxri fərmanları və sertifikatlar təqdim edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR