Bayram Səfərov: "Suriya erməniləri ilk fürsətdə Qarabağdan qaçacaqlar"
"ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri hamanı Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüş keçirmələri istisna deyil". APA TV-nin məlumatına görə, bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.
Səfərin dəqiq tarixinin məlum olmadığını qeyd edən Bayram Səfərov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün yaxın vaxtlarda gözlənilmədiyini deyib: "Çünki Ermənistanda hazırkı əli qana batmış cinayətkar rejim və erməni lobbisi Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini istəmirlər. Bunun da səbəbi aydındır. Bilirlər ki, belə görüşlər keçirilsə, erməni icmasının ağıllı, ziyalı insanları Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarının bildirəcəklər. Çünki ermənilər iki əsrə yaxın Qarabağda azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşayıblar. Münaqişə dövründə də məhz Ermənistan rəhbərliyinin və lobbinin bu münaqişəni alovlandırdığını bildiriblər".
B.Səfərov qeyd edib ki, hazırda Dağlıq Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə oradan qaçacaqlar. Onun sözlərinə görə, Suriyadan gələn ermənilər öz ölkələrində kifayət qədər azad şəraitdə yaşayıblar: "Bu gün erməni lobbisi Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə yönləndirir. Ermənistan hakimiyyəti də həmin erməniləri bölgəyə yerləşdirməyə çalışır. Eyni zamanda təmas xəttindəki hərbi postlar boş olduğu üçün həmin ermənilərin bir hissəsinin pasportları alınır, onlar həmin postlara göndərilir. Suriyadan gələn ermənilər uzun müddət orada qalmayacaqlar, ilk fürsətdə qaçacaqlar. Artıq qaçanlar da var. Çünki elə ağır şəraitdə, səfalətdə həmin ermənilərin orada yaşamağa razılaşacağı absurddur".
Bayram Səfərov müğənni Soso Pavliaşvilinin Dağlıq Qarabağa səfər etməsinə də münasibət bildirib. Bildirib ki, gələcəkdə müğənni Qarabağa qanunsuz səfər etdiyi üçün üzr istəsə, Azərbaycana gələ bilər: "Soso Pavliaşvili üzr istədikdən sonra Azərbaycana səfər etsə, o halda müğənninin məcburi köçkünlərlə görüşünü şəxsən təşkil edə bilərəm. Bəzən erməni lobbisinə, Ermənistanın hazırkı hakimiyyətinə aldanan bəzi tanınmış şəxslər Qarabağa qanunsuz səfərlər edirlər. Bu insanlar səhvlərini etiraf edərlərsə, onları bağışlamaq mümkündür. Mən bunu əvvəllər də demişəm. Soso Pavliaşviliyə münasibətdə də bu mövqedən çıxış edirəm".
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?