Avtoqol ümidləri puç etdi - "Sent-Etyen" - "Qəbələ" 1:0

Avroliqanın 1-ci dövrəsinin son görüşündə Azərbaycan təmsilçisi "Qəbələ" Fransada "Sent-Etyen" klubunun qonağı olub. APA TV-nin məlumatına görə, görüşü Türkiyədən olan hakim briqadası idarə edib.

Görüş hər iki tərəfin ehtiyatlı oyunu ilə start götürüb. Oyunun 4-cü dəqiqəsində "Qəbələ" künc zərbəsi qazanıb. Futbolçumuzn ötürməsindən sonra komanda yoldaşının qapıya zərbəsi rəqib müdafiəçiyə tuş gəlib. Bir dəqiqə sonra isə Ruslan Qurbanov "Sent-Etyen"in müdafiəçisini keçərək rəqibin cərimə meydançasına daxil olub, lakin ötürməsi dəqiq alınmayıb. Oyunun 6-cı dəqiqəsində fransızların hücumu yadda qalıb. Rəqib 9-cu dəqiqədə də təhlükəli hücum təşkil edib, lakin Vernidub yaxşı oynayıb. Birinci hissədə oyununu əks-hücumlar üzərində quran "Qəbələ" müdafiədə səhvsiz oyun nümayiş etdirib. 22-ci dəqiqədə Zenyovun qapıya paralel ötürməsinə komanda yoldaşlarından heç kəs çata bilməyib. Hissənin 32-ci dəqiqəsində fransızlar əlverişli mövqedən cərimə zərbəsi qazanıb. Yerlə vurulan zərbə fransız hücumçu ilə müdafiəçimizə dəyərək təhlükəli bölgədən uzaqlaşıb. İrəliləyən dəqiqələrdə ərazi üstünlüyünə yiyələnən ev sahiblərinin də hücumları nəticə verməyib. Son dəqiqələrdə "Qəbələ" topa nəzarət edib hücum qurmağa cəhd etsə də bu, alınmayıb.

İkinci hissə də qarşılıqlı hücumlarla başlayıb. Topu özündə saxlamağa daha çox fikir verən komandamız yenə əks-hücumlara ümid edib. Fransızlar ərazi üstünlüyünü təmin edib, hissənin 51-ci dəqiqəsində təhlükəli hücum qurublar. Zərbə qapımızdan yan keçib. "Qəbələ"nin əks-hücumlarının qarşısını isə "Sent-Etyen" futbolçuları meydanın mərkəzində bir neçə dəfə kobudluqla alıblar. Türk hakim epizodların birində buna görə sarı vərəqə göstərib. İrəliləyən dəqiqələrdə fransızlar meydanın mərkəzində nəzarəti ələ ala bilsələr də təşkil etdikləri hücumlarda zərbələri qeyri-dəqiq olub. Oyunun 62-ci dəqiqəsində Rikardinyonun zərbəsi rəqib qapıçının üstünə gedib. 67-ci dəqiqədə komandamızın bəxti gətirib. Rəqibin başla zərbəsi təhlükəli alınıb. 3 dəqiqə sonra isə hesab açılıb. Fransız futbolçunun cərimə zərbəsindən asmasına Rikardinyo başı ilə toxunub və avtoqol alınıb.

Fransızlar qoldan sonra daha da həvəsləniblər. Rəqib futbolçuların 76-cı dəqiqədə ard-arda endirdiyi qüvvətli zərbələri "Qəbələ"nin qapıçısı qaytara bilib. 81-ci dəqiqədə Bezatosnı daha bir dəfə komandasını qoldan xilas edib. Oyunun son beş dəqiqəsi isə "Qəbələ"nin üstünlüyü ilə keçib. Bu dəqiqələrdə dəfələrlə künc zərbəsi qazanan futbolçularımızın qol vurmaq cəhdləri baş tutmayıb. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR