Bakıda yunanlara "Sirtaki" dərsi - "QARABAĞ" - PAOK 2:0

Avroliqanının birinci dövrəsinin son oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu Ağdamın "Qarabağ" klubu Bakıda, Tofiq Bəhramovun adını daşıyan stadionda Yunanıstan PAOK-unu qəbul edib.

İsraildən olan hakimin fiti ilə başlayan birinci hissəsinin ilk dəqiqələrindən komandamız üstünlüyü ələ alıb. Rəqib qapısına bir neçə dəfə hücum təşkil olunsa da ilk təhlükəlni futbolçularımız 11-ci dəqiqədə yarada biliblər. Real qol vəziyyətini Muarrem Muarrem əldən verib.
 
"Qarabağ" bu epizoddan sonra yunanları demək olar ki, sahənin onlara aid olan hissəsinə sıxışdırıb. Hücumları davam etdirən futbolçularımızın 18-ci dəqiqədə bəxti gətirməyib. Dinonun zərbəsindən sonra top qapı tirindən qayıdıb.

Birinci hissənin ortalarında yunan klubunun etdiyi nadir hücumlardan biri təhlükəli olub. PAOK-un futbolçusunun aşırma zərbəsi effektli alınıb. Şehiç inamlı oynayıb.

İrəliləyən dəqiqələrdə "Qarabağ"ın ard-arda təşkil etdiyi hücumlarda son zərbələr və ötürmələr dəqiq olmadığından nəticə əldə olunmayıb. 41-ci dəqiqədə əlverişli nöqtədən cərimə zərbəsi yetirən futbolçumuz çərçivəyə düşə bilməyib. Birinci hissəyə əlavə edilmiş dəqiqələrdə də təşkil edilən kəskin hücumlar nəticəsiz qalıb.

İkinci hissə başlayan kimi futbolçularımız hesabı açmaq üçün yenidən hücumlara başlayıb. 54-cü dəqiqədə "Qarabağ" olduqca təhlükəli hücum etsə də yenə son anda zərbə dəqiq olmayıb. Bundan 2 dəqiqə sonra isə komandamız nəhayət, hesabı aça bilib. Maksim Medvedevin dəqiq ötürməsindən sonra Kintana topu qapının uzaq küncünə göndərib.

Qapılarında qol gördükdən sonra PAOK futbolçuları irəli atılsalar da elə bir ciddi hücum təşkil edə bilməyiblər. 64-cü dəqiqədə komandamız cərimə zərbəsi qazansa da qapıya məsafə uzaq olub. 69-cu dəqiqədə "Qarabağ" daha bir təhlükəli hücum yaradıb. Yunanlar bu hücumlara yalnız görüşün 78-ci dəqiqəsində cavab verə bilib. Oyunun bitməsinə üç dəqiqə qalmış isə "Qarabağ" 2-ci topu rəqibin qapısından keçirib. Muarrem Muarrem mükəmməl ötürmə ilə Rahid Əmirquliyevi yunan qapıçı ilə təkbətək çıxarıb.

Oyun bu hesabla başa çatıb. "Qarabağ" - PAOK 2:0





 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR