Ronaldinyo: "Təklif gələrsə, "Qəbələ"də oynayaram"

Əfsanəvi futbolçu Ronaldinyo Bakıya gəlib. APA TV-nin xəbərinə görə, braziliyalı ulduz futbolçu Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransında iştirak edib.

 

Konfransa 36 yaşlı yarımmüdafiəçi ilə yanaşı, “Qəbələ” klubunun prezidenti Tale Heydərov və AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb.

 

Dünya ulduzunun ölkəmizə gəlişinin səbəbi isə “Ronaldinyo Akademiyası”nın açılışının müzakirəsidir. Akademiya “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq.

 

AFFA-nın baş katibi Elxan Məmmədov braziliyalı məşhur futbolçunun  Bakıya gəlişindən şad olduğunu qeyd edib: "Qəbələ" futbol klubu dünəndən Bakının futbol ailəsinin diqqətini cəlb etdi. Ronaldinyo kimi ulduzun Bakıya gəlməsi çox müsbət haldır. Digər tərəfdən, müsbət hal odur ki, “Qəbələ” Ronaldinyo ilə birlikdə akademiya açacaq. Bu da futbolumuzun inkişafına təkan verəcək”.

 

Daha sonra Ronaldinyo jurnalistlərin suallarına cavab verib. "Təklif gələrsə, "Qəbələ"də oynayarsınızmı" sualına ulduz futbolçu "niyə də yox?" cavabını verib.

 

Qeyd edək ki, karyerası ərzində PSJ, “Barselona” və “Milan” kimi Avropa nəhənglərinin formasını geyinmiş Ronaldinyo 1999-2013-cü illərdə Braziliya millisinin heyətində 97 oyun keçirib, 33 qola imza atıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR