Çörəyi ver çörəkçiyə... - BAKIDAKI BEYNƏLXALQ FESTİVALDAN REPORTAJ
Bu gün ilk dəfə olaraq Azərbaycanda, paytaxt Bakıda “I Beynəlxalq Çörək” festivalı keçirilib. APA TV-nin xəbərinə görə, festivala rəmzi lentin kəsilməsi ilə start verilib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva müxtəlif bölgələrə xas çörəklərin dadı ilə tanış olublar.
Azərbaycanın 24 şəhər və rayonundan olan nümayəndələr də təmsil etdikləri bölgəyə xas təamları təqdim ediblər. İmişlidən gələn Məleykə Həsənova xanım isə hazır çörək nümayiş etdirməklə kifayətlənməyib, xəmir açıb, yuxa yapıb: “Əvvəllər də iştirak etmişəm. İndi lap xoşuma gəldi. Milli adət-ənənəmiz təkrar olunur. Çörək, yuxa, lavaşımızı gələcək nəsillər də öyrənməlidir. Arzu edirik ki, bu çörəyi biz Qarabağda yayaq”.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri də beynəlxalq festival barədə təəssüratlarını bölüşüblər.
İbrahim İldırım, Yunus Əmrə İnstitutunun Bakı rəhbəri: “Biz Tahir bəyin təşkil etdiyi bütün festivallarda iştirak etmişik. Plov, dolma, mürəbbə, çay… Hamısında qürurla iştirak etmişik. Çünki bu, türk mədəniyyətini göstərmək üçün bir şansdır. Çox təəccübləndim. Bizdə bir söz var - "Çörək varsa, hər şey var". Süfrəyə oturanda çörək görməsək, doymadan duracağımızı düşünürük. Amma burda gəzəndə çox zəngin çörək mədəniyyəti ilə qarşılaşdım. Hər bölgənin, kəndin özünəxas mədəniyyəti var. Qürur duydum”.
Aycigit Buranov, Qırğızıstanın Azərbaycandakı səfiri: “İlk növbədə hər kəsi Beynəlxalq Kulinariya günü münasibətilə təbrik edirəm. Bu gün biz Çörək festivalında iştirak edirik. Səfirliyimiz Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Azərbaycanda mətbəxlə bağlı keçirilən bütün tədbirlərdə fəal iştirak edirik. Bu gün də qırğız çörəyi, eləcə də bizim mətbəxə xas digər təamlar nümayiş olunur”.
İbrahim İbrahimi, İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri: “Bu gün bölgələr, müxtəlif ölkələr çörəklərini gətiriblər. Bu, onların mətbəxi, mədəniyyəti ilə tanış olmaqdır. Bəziləri şirindir, bəziləri şordur. Amma adi çörəkdir. Elə ola bilər ki, təkcə çörəyə baxmaqla ölkənin mətbəxi, mədəniyyəti ilə tanış ola bilərik”.
Daha sonra tədbirin rəsmi hissəsi başlanıb. Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov tədbir iştirakçılarını qurumun il ərzində gördüyü işlərin qısa hesabatı ilə tanış edib: “Biz bayramımızı hazırlayanda hər il yeni festival edirik. Bu festival 2-3 il idi ki, fikrimizdə idi. Nəhayət, bir neçə ay öncə qərar verdik ki, Çörək festivalı keçirək. Bölgələrimiz bu gün fərqli çörəklər təqdim etdilər. Burada yüzlərlə çörək gördük. Bəzilərini isə ilk dəfə gördük”.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Çörək festivalında nümayiş olunan məhsulların Azərbaycan mətbəxinin zənginliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva Azərbaycan mətbəxinin zənginliyindən bəhs edərək, festival iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirdə milli mətbəxin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya “Azərbaycan Milli Mətbəxinin Səfiri” diplomu təqdim olunub.
Qeyd edək ki, festival Beynəlxalq Kulinariya Günü münasibətilə təşkil edilib. 2004-cü ildən başlayaraq hər il oktyabrın 20-si dünyada Beynəlxalq Kulinariya Günü kimi qeyd olunur. Hazırda 115 ölkə bu günü qeyd edir.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?