Azərbaycanda ikinci peşə təhsili ödənişli olacaq

İlk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılmasına Bakı və Gəncədən başlanıb. APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

 

O bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış Dövlət Peşə Təhsili mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcək. Artıq 4000-dən artıq gənc Bakıda və Gəncədə ilk peşə ixtisas təhsili müəssisələrinə qəbul olunub: "Biz artıq ixtisaslar üzrə peşə təhsili mərkəzləri yaratmağı qarşımıza məqsəd qoyduq və bu məqsəd artıq reallaşmaq üzrədir. Peşə təhsili müəssisələrini yaratmaqla biz demək olar ki, məktəb və liseyləri ləğv edirik. Onların bazasında bu yaranır. Orta məktəbdən çıxan uşaqlar da burada təhsil alacaqlar, o cümlədən burada orta məktəbdən sonrakı mərhələdə təhsil alanlar olacaq".

 

Famil Mustafayev bildirib ki, peşə məktəblərində yaşlı adamların da təhsil alması mümkündür. Onun sözlərinə görə, "Asan Peşə" layihəsi bunun üçün bir vasitədir. Sadəcə, qeydiyyatdan keçməklə bu məktəblərdə təhsil almaq mümkün olacaq: "Məqsəd təkcə bura girişi yox, buradan çıxan məzunlarımızın növbəti mərhələlərə çıxışını da asanlaşdırmaqdır. Bununla bağlı xüsusi mexanizmlər hazırlanacaq. Ölkədə peşə təhsili və təlimi sektorunun inkişafı ilə bağlı strateji plan hazırlanır. Yaxın vaxtlarda güman ki, müəyyən addımlar atılacaq. Əsas məqsəd işçilərin işlə təmin olunmasıdır".

 

O qeyd edib ki, birinci dəfə peşə təhsili mərkəzinə qəbul olunan tələbələr heç bir məbləğ ödəmir, ikinci təhsili almaq istədikləri zaman isə pul ödəyəcəklər. Əlavə edib ki, böyük şəhərlərdə inşa ediləcək peşə təhsili mərkəzlərinin yataqxanaları olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR