Mosul əməliyyatının 3-cü günü: İŞİD-in qorxunc müdafiə planı

Mosul əməliyyatının 3-cü günündə İraq ordusu şəhərə cənubdan, peşmərgə isə şərqdən irəliləyir.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, peşmərgə komandiri Şirvan Bərzani şəhərə iki həftə sonra daxil oluna biləcəyini, Mosulun İŞİD-dən təmizlənməsinin isə iki ay vaxt aparacağını bildirib.

Buna səbəb terrorçuların dinc sakinlərdən qalxan kimi istifadə etmələridir.

CNN kanalına danışan general Bərzani Bağdadla əldə edilən razılaşma çərçivəsində peşmərgənin Mosul küçələrində İŞİD-lə döyüşməyəcəyini, bu mücadilənin hazırlıqlı ordu, federal polis və sünni əşirətlər tərəfindən həyata keçirilməli olduğunu bildirib.

İraqın baş naziri Haydar əl-İbadi isə mülki vətəndaşların şəhərdən çıxması üçün dəhlizlər təşkil ediləcəyini deyib.

 

Dünən axşam saatlarında Mosulun 35 kilometrliyində, şəhərin cənub-şərq istiqamətində yerləşən Hamdaniyə qəsəbəsinin terrorçulardan geri alındığı xəbərinin düz olmadığı ortaya çıxıb.

Bu sabah isə adı çəkilən qəsəbədə İŞİD-in iki "canlı bomba"sının özünü partlatdığı məlum olub. Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı açıqlanmır.

ABŞ prezidenti isə ilk dəfə Mosul əməliyyatına münasibət bildirib. O, İraq ordusunun başladığı əməliyyatı böyük addım adlandırıb. Ağ Ev sahibi bu əməliyyatın uzun və çətin olacağına işarə vuraraq, sonda zəfər qazanılacağına inandığını bildirib.

Pentaqon və "Reuters" agentliyi İŞİD-in şəhərdən çıxmaq istəyən əhalini zor gücünə saxladığını bildirib. İnsanların hava hücumlarında əsas hədəf olacaq binalara yerləşdirildiyi deyilir. Bundan başqa, terrorçuların kimyəvi silahdan istifadə edəcəyi də istisna edilmir.

Xatırladaq ki, Mosulda 1 milyona yaxın sakin var, İŞİD terrorçularının sayı isə 5 min nəfərdir. Mosul 2014-cü ildən İŞİD-in nəzarətindədir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR