FHN xilasetmə işlərini davam etdirir: Bakıda təxliyə olunanların sayı açıqlandı

İki gündür yağan yağış Bakıda fəsadlar törədib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumatına görə, fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.


Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Bu günə qədər FHN-in qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkib və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərib. Paytaxtın Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Ordubadi küçəsində əhali təxliyə edilib, Binəqədi şosesində - Poladəritmə zavodunun yaxınlığında yağış suları çəkilib. Eləcə də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri Binəqədi rayonu  Rəsulzadə qəsəbəsi Yeni Yaşayış massivində fərdi yaşayış evlərinin həyətinə yağış sularının yığılması nəticəsində biri uşaq olmaqla 2 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti iki gündür gücləndirilmiş iş rejiminə keçib. Su basmış və təhlükəli vəziyyət yaranmış fərdi evlərdə 48 saatdır xilasetmə əməliyyatı aparılıb. 100 nəfərdən artıq vətəndaş təxliyə olunub. Onların arasında qadınlar, uşaqlar və yaşlılar çoxluq təşkil edir. 


Axşam saatlarına qədər aparılan xilasetmə işləri nəticəsində fərdi yaşayış evlərindən daha 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR