İlham Əliyev: "Prezident seçkilərinin vaxtını dəyişmək niyyətimiz yoxdur”
"Bu gün həm neft hasilatçıları, həm istehlakçılar qiymətin stabilləşməsinə nail olmaq istəyir. Çünki ucuz neft istehlakçılara da zərbə vurub. Əlbəttə, bu gün neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadiyyatı mövcud durumdan daha çox əziyyət çəkir".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.
Ölkə başçısı hesab edir ki, OPEC-ə üzv olan və olmayan ölkələr tərəfindən hasilatın azaldılması qiymətləri stabilləşdirə bilər: "Hadisələrin gedişatı onu göstərir ki, hər şey buna doğru gedir. Məncə, bu baş verməlidir. Lakin tərəflər maksimum səmimi, dürüst olmalı, qəbul olunan qərarların icrasına nəzarət olunması üçün mexanizm hazırlanmalıdır. Hazırda qlobal neft bazarındakı şərait neftin 60, hətta 70 dollaradək bahalaşmasına səbəb ola bilər ki, bu da bütün tərəflər üçün əlverişlidir - şirkətlər investisiya qoyuluşunu artıra, hasilatla məşğul olan ölkələr isə əldə etdiyi vəsaiti müxtəlif layihələrin reallaşdırılmasına yatıra bilər. İstehlakçılar bundan ancaq udacaq".
Prezident əlavə edib ki, Azərbaycan hər zaman bu cür addımları dəstəkləyir və bunu dəfələrlə bəyan edib. "Biz birmənalı olaraq bəyan edirik ki, neft hasilatımızı artırmayacağıq. Bunun üçün hansısa qərarı gözləməyə ehtiyac duymuruq. Müəyyən mənada bunu hasilatın dondurulması adlandırmaq olar", - deyə o qeyd edib.
ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasına toxunan prezident bunu "diplomatik insident" adlandırıb. “Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında da bu açıqlama ilə bağlı fikrimi bildirmişəm. Mən dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə “status-kvo”nun qəbuledilməz olduğunu bəyan edib. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”, - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarları və qətnamələri yerinə yetirilmir: “Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə, bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bizim problemimiz budur. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır. Biz də deyirik ki, yaxşı, gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan Ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər, sülh yolu, biz deyirik yaxşı, gözləyək. Lakin təcavüzkara təzyiq göstərmək əvəzinə, biz belə bəyanatlar eşidirik”.
Növbəti prezident seçkiləri ilə bağlı sualı cavablandıran prezident İlham Əliyev qeyd edib ki, "bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur”.
O, Azərbaycanda və ölkədən kənarda bununla bağlı hansı söhbətlərin getməsindən xəbərdar olduğunu bildirib: “Belə planlar yoxdur, buna ehtiyac görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?