Göyçayda kəndə hücum edən çaqqallar itləri öldürdü
Göyçay rayonunda kənd sakinlərinin mal-qarası və toyuq cücəsi tez-tez canavar, çaqqal və tülkülərin hücumuna məruz qalır. Nəticədə kəndlilərin əziyyətlə bəsləyib böyütdüyü ev quşları, iri və xırda buynuzlu heyvanlar tələf olur.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Hacalıkənd kəndində sakinlərə məxsus ev quşları növbəti dəfə çaqqalların hücumuna məruz qalıb. Kənd sakinləri Yaşar Salmanov və Ofeliya Salmanovaya məxsus 12 baş ev quşu çaqqallar tərəfindən tələf edilib.
Çaqqallar ev quşlarını mühafizə edən iki iti öldürüb, onlardan birini tamamilə yeyiblər. Kənd sakinləri belə hadisə ilə ilk dəfə rastlaşdıqlarını deyirlər. Onlar son vaxtlar kənd ərazisində çaqqal və tülkülərin sayının xeyli artdığını, sürü halında həyətlərə soxulduğunu və insanlara xeyli ziyan vurduğunu deyirlər. Gecə-gündüz kəndin içərisində, həyətlərdə gəzən çaqqal və tülkülərin ulaşmasından narahat olan sakinlər ev quşlarını və xırda buynuzlu heyvanları vəhşilərin hücumundan qorumaqda aciz qaldıqlarını deyirlər. Gecələr itlərə arxayın olaraq yatan kənd sakinləri onların da vəhşi heyvanlar tərəfindən öldürülməsini görərək çarəsiz qalıblar.
Kəndlilər ov tüfəngindən istifadə etməyə icazə verilmədiyi üçün həyətyanı sahələrdə sərbəst gəzərək ev quşlarına, xırda buynuzlu heyvanlara, hətta azyaşlı uşaqlara təhlükə yaradan, təsərrüfata xeyli maddi ziyan vuran vəhşi heyvanlarla mübarizə aparmaq üçün aidiyyəti qurumlardan kömək istəyirlər.
Qeyd edək ki, son iki ayda Göyçay rayonunun Hacalıkənd kəndində 11 vətəndaşa məxsus 210 baş toyuq və hind quşu, 6 baş qoyun və quzu vəhşi heyvanlar tərəfindən tələf edilib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?