8 yaşlı şahmatçı: "Dünya birinciliyində qızıl medal qazanmağa çalışacağam"
Əlinin 8 yaşı var. Bir neçə ildir şahmatla məşğul olur. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Məktəbinin ən fəal üzvlərindən biridir. Kiçik yaşlarında atası onun əlindən tutaraq şahmat məktəbinə gətirib. O gündən etibarən bu yolda inamla addımlayır.
Müəllimi də onun qısa zamanda özünü doğrultduğunu deyir. Ramil Allacov artıq 14 ildir şahmat müəllimi kimi fəaliyyət göstərir. Əli ilə 3 il öncə tanış olub. Deyir ki, bu illər ərzində Əli çox dəyişib, yeni müsbət keyfiyyətlər qazanıb. Bu da onun oyunlarında özünü büruzə verir: “Artıq daha əzmkarlıqla mübarizə aparır. Ən böyük problemlərindən biri psixoloji baxımdan duruş gətirməməsi idisə, indi xeyli irəliləyiş var. Sona qədər mübarizə aparmağı öyrənib. Uşaqlarda təmkinin formalaşdırılması problemlidir. Amma Əlidə bu təmkin anadangəlmə var. Hətta ilk yarışlarında belə çox təmkinlə oynayırdı. Elə uşaqlar var ki, oyunu beş dəqiqəyə bitirir. Amma Əlidə belə xüsusiyyət yoxdur. Əli bir saatdan tez oyunu bitirmir”.
Məşqçisi bildirib ki, Əli iddialı uşaqdır. İstənilən yarışa birincilik hədəfi ilə çıxır: “Məsuliyyətli yarışlara - Avropa, dünya çempionatlarına Əli ilə gün ərzində minimum beş saat hazırlaşırıq. Fiziki məşqlərinə də diqqətlə yanaşırıq ki, davam gətirə bilsin. Əlini digər uşaqlardan fərqləndirən ambisiyalı olmasıdır. İstənilən yarışa birincilik iddiası ilə qatılır. Nəticələri özünü doğrultdu”.
Əli ilk nailiyyətini 5 yaşında olarkən qazanıb - 4-cü dərəcə. Ən böyük uğurunu isə bir müddət əvvəl əldə edib: “Ən böyük nailiyyəti bu il avqustun 17-28 arası Çexiyanın Praqa şəhərində 8 yaşlılar arasında keçirilən Avropa çempionatında 3-cü yerə çıxmağımız oldu. Düşünürəm ki, çempionata yaxşı hazırlaşmışdıq. Fiziki cəhətdən Tofiq Cəfərovla məşğul olurduq. Bu da öz bəhrəsini verdi. Avropa çempionatından sonra Əliyə bir həftə istirahət verdik. O vaxtdan hər gün dünya çempionatına hazırlaşırıq”.
Müəllimi Əlini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi şahmatçılarımıza layiqli davamçı kimi görür.
Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Cəmil Fətullayev isə həm Əlinin uğurlarını, eyni zamanda bu il ərzində qazanılan nailiyyətləri sadalayıb: “Gürcüstanda keçirilən beynəlxalq turnirlərdə iştirak etmişik. Uşaqlarımız ordan yaxşı nəticələrlə qayıdıb. Respublika çempionatında yaxşı nəticələrimiz olub. Ümumiyyətlə, bu il yüksək nəticələrimiz olub. Bu yaxınlarda məktəblilər arasında Avropa və dünya seçmə turları olacaq. Yəqin ki, burada da yaxşı nəticələrimiz olacaq”.
Qəhrəmanımız məktəbdə əlaçıdır. Deyir ki, bəzən zaman qıtlığı baxımından çətinlik yaşasa da, bu onu qorxutmur. Əsas istəyi qələbədir. Elə bu istək ona ilk nailiyyətini qazanmaqda kömək edib: “Ən güclü rəqibim bolqar idmançısı idi. Ən yüksək reytinqli o idi. Mən ona qalib gəldim. Svetlinin Mark idi, rumıniyalı idmançı idi. Və ən son ispan rəqibi udsaydım, birinci yerə çıxacaqdım. Uduzduğum üçün 3-cü yerə çıxdım”.
Oktyabrın 19-da dünya birinciliyinə start veriləcək. Əli bu yarışda da yer tutmağa iddialıdır: “Çalışacağam ki, Azərbaycan qızıl medal gətirim”.
Biz də öz növbəmizdə Əliyə dünya birinciliyində uğurlar arzulayırıq.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?