Ağdamda kontur oğrularının daha bir cinayətinin üstü açıldı

Ağdamda mağazadan 2 min manatlıq mobil telefonların danışıq kartlarını oğurlayan şəxslərin digər oğurluq əməllərinin üstü açılıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Bakıda saxlanılaraq Ağdam polisinə gətirilən 29 yaşlı Nəsibov Namiq Əkbər oğlu və 22 yaşlı Quliyev Elmir Haqverdi oğlu ətrafında aparılan istintaq tədbirləri zamanı onların əvvəllər də oğurluq etdikləri məlum olub.

 

Namiq Nəsibov və Elmir Quliyev iyun ayında Yasin Babayevə məxsus gündəlik tələbat malları mağazasından 1500 manat dəyərində müxtəlif çeşidli malları oğurladıqlarını etiraf ediblər. Müstəntiq Orxan İsmayılov hadisənin təfərrüatını danışıb: “Həmin yerdən 100 blok müxtəlif markalı siqaret və 10, 20, 50  qəpik əsginasdan ibarət 500 manat pul oğurlayıblar. Faktla bağlı həmin şəxslər tərəfimizdən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər və barələrində həbs-qətimkan tədbiri seçilib”.

 

Qeyd edək ki, Namiq Nəsibov və Elmir Quliyev rayonun Xındırıstan kəndində fəaliyyət göstərən gündəlik tələbat malları mağazasının qıfılını sındırmaqla 2 min manatlıq mobil telefon danışıq kartları oğurlamaqda şübhəli bilinərək, oktyabrın 16-da Bakıda saxlanıb və Ağdama aparılıblar. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR