Makedoniyadakı siyasi böhranda növbəti səhifə: parlament buraxıldı
Makedoniya parlamenti dekabrın 11-də növbədənkənar seçkilərin keçirilməsi məqsədilə özünü buraxıb. APA TV-nin məlumatına görə, parlament üzvləri qərarın lehinə yekdilliklə səs verib.
Parlament özü özünü buraxması barədə qərardan əvvəl 2017-ci ilin büdcə layihəsini qəbul edib. Parlamentin buraxılmasından sonra Makedoniya prezidenti George İvanov növbədənkənar parlament seçkilərinin vaxtını təyin edə bilər.
Sentyabrın əvvəllərində Makedoniya Məclisi səs çoxluğu ilə müvəqqəti kabineti təsdiqləyib. Dekabrın 11-də keçirilməsi gözlənilən növbədənkənar seçkiləri bu kabinet təşkil edəcək.
İyulda ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Skopyeyə səfəri zamanı dörd əsas siyasi qüvvənin nümayəndələri yeni parlament seçkilərinin detalları barədə razılığa gəliblər. Onların arasında seçici siyahılarının dəqiqləşdirilməsi, dövlət televiziyasının rəhbərliyində dəyişiklik edilməsi və korrupsiya faktlarının prokurorluq tərəfindən araşdırılması da var.
Makedoniyada 2010-cu ildən bəri davam edən iqtidar-müxalifət böhranı ötən ilin mayında Kumanovadakı silahlı qarşıdurma ilə yeni müstəviyə keçib. Təhlükəsizlik qüvvələrinin 8 əməkdaşının ölümü ilə nəticələnən qarşıdurmadan sonra daxili işlər və nəqliyyat naziri də daxil olmaqla 3 yüksək vəzifəli məmur istefa vermişdi.
Ötən ilin mayında Skopyedə hakimiyyət tərəfdarları və əleyhdarlarının kütləvi aksiyaları Avropa diplomatlarının vasitəçiliyi ilə iqtidar-müxalifət dialoqundan sonra dayanmışdı. Makedoniyanın baş naziri bu ilin yanvarında istefa versə və aprelin 24-nə növbədənkənar parlament seçkiləri təyin edilsə də, müxalifət onu boykot etmişdi. Müxalifət, eləcə də, Avropa Birliyi və ABŞ missiyalarının ortaq rəyi belə olmuşdu ki, ölkə ədalətli seçkilərə hazır deyil.
Makedoniya prezidentinin 56 siyasətçiyə amnistiya elan etdikdən sonra ölkədə kütləvi iğtişaşlar yenidən vüsət aldı. Aprelin 12-də müxalifət amnistiyanın ləğvi və prezidentin tələbi ilə yeni kütləvi aksiyalara başlayıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?