Prezident İlham Əliyev: “Xalq Heydər Əliyev siyasətinə səs verdi”

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

 

APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

 

Azərbaycanın dövlət himni səslənib.

 

Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

 

“Təəssüf ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Müstəqilliyimizin ilk illəri itirilmiş imkanlar dövrü idi” deyən dövlət başçısı bildirib ki, məhz həmin dövrdə Ermənistan torpaqlarımızın işğalına başlayıb: “Həmin dövrdə AXC-Müsavat qruplaşması yarıtmaz fəaliyyəti ölkəmizi uçuruma apardı. Hakimiyyətdə olanlar yalnız öz mənafeləri üçün çalışdı. Ölkədə sabitlik pozuldu, vətəndaş müharibəsi başladı. Cəmi 1 il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi acı olardı”.

 

Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanın inkişaf dövrü başlayıb: “Müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu var. Hesab edirəm ki, 2003-cü il müstəqil tariximiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycan xalqı Azərbaycanın bundan sonra hansı yolu gedəcəyi haqqında öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək. Azərbaycan xalqı həmişə olduğu kimi, öz müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi".

 

2003-cü ildən iqtisadiyyat sahəsində inkişaf dövrümüzü yaşadıq, iqtisadiyyat 3 dəfə artdı. Yoxsulluq 5 faizə endi, işsizliklə güclü mübarizə aparıldı, regionların inkişafına start verildi. Bölgələrimiz canlandı, şəhərlərimiz abadlaşdı. Azərbaycan elektrik enerjisi və qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Sosial məsələlər həll olundu, sosial infrastruktur layihələr icra olundu, texnoloji inkişaf gücləndi. Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələri daha geniş miqyasa çıxdı”.

 

İlham Əliyev vurğulayıb ki, 25 il böyük tarixdir: "Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik, bizim gözəlləşən şəhərlər, bizim abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur. Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq, xalqın iradəsi əsasında irəli gedəcəyik".

 

“Azərbaycanda ordu quruculuğu sahəsində ciddi addımlar atılır. Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır” deyən Azərbaycan prezidenti qeyd edib ki, aprel hadisələri bir daha bunu təsdiq edib.

 

Azərbaycanın dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfəsindən danışan dövlət başçısı bu istiqamətdə bir çox ölkələrə nümunə göstərildiyimizi vurğulayıb: “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edir və bu, bir sərvət kimi qorunur. Azərbaycan müstəqil siyasət aparır və xalq bu siyasəti dəstəkləyir. Ötən ay keçirilən referendum bunu bir daha sübut etdi. 25 il böyük bir tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik və uğurla yaşaya bilərik. 

 

Dövlət başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: “Müstəqilliyimiz dönməzdir, əbədidir, müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzu edirəm. Yaşasın müstəqil Azərbaycan Respublikası!"

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR