Məhəbbət Vəliyeva: "Bakının bəzi məktəblərinin istilik təchizatı problemləri hələ də qalır"

“Bu ildən Bakı məktəblərində yeni yaradılan ödənişsiz məktəbəhazırlıq qruplarının gələcəkdə ödənişli olması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır”. APA TV-nin xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

 

Onun sözlərinə görə, bu gün Bakıda 20 400-ə yaxın uşaq məktəbəhazırlıq qruplarının təlimlərinə cəlb olunub. Növbəti tədris ilində qrupların əhatəsi genişlənəcək.

 

Məhəbbət Vəliyeva vurğulayıb ki, qruplara yalnız Bakı qeydiyyatı deyil, eyni zamanda paytaxtda qeydiyyatda olmayan şəxslərin övladları da cəlb olunub:  “Düşünürəm ki, bu gələcəkdə problem yaradacaq. Amma hələlik bu il üçün problemin öhdəsindən gəlmişik. 260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qrupları yaradılıb”.

 

M.Vəliyeva bildirib ki, Bakının bəzi məktəblərinin istiliklə təchiz olunması ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır. Ötən tədris ilinin aprel ayından məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılıb. Onun sözlərinə görə, bu gün istilik sistemində problem olan məktəblərin hər birinin siyahısı müəyyənləşdirilib. Qış mövsümünün başlamasına 1 aydan az müddətin qaldığını deyən Məhəbbət Vəliyeva qeyd edib ki, idarə tərəfindən problemlərin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə verilən müvafiq təkliflər aidiyyəti orqanlara göndərilib: “Bu məsələ diqqət mərkəzində olan və ən önəmli məsələlərdən biridir. Dəqiq say deyə bilmərəm, ancaq belə məktəblər mövcuddur. Lakin bu problem az sayda məktəbləri əhatə edir. Bəzi məktəblərdə isə problem artıq yay dövrü ərzində aradan qaldırılıb”.

 

Qeyd edək ki, Bakıda 1 nömrəli tam orta məktəbdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir" adlı bayram tədbiri keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Müdafiə Nazirliyin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, Azərbaycanın Milli Qəhrəmanları, incəsənət adamları və digər qonaqlar iştirak ediblər.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR