Tovuza istirahət etməyə gələn "turist" 15 baş inək oğurladı

Tovuz polisi istirahət etmək məqsədilə rayona gələrək 15 baş inək oğurlayan şəxsi saxlayıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Ağstafadan Tovuzun dağ kəndlərinə dincəlməyə gələn 22 yaşlı Nurlan Misirov əvvəlcə rayonun Dondar Quşçu kənd sakini Aqil Ələkbərovun 8 baş inəyini örüşdən oğurlayıb. İşini ehtiyatlı tutan "qəhrəman" mal-qaranı yaxın ərazidə deyil, Bərdə bazarında 2 min manat sataraq gəlir əldə edib: "Dağlıq ərazi ilə getmişəm Ağstafaya, ordan da "QAZel" tutub heyvanları aparmışam Bərdəyə".

 

"Biznesin" uğurlu alındığını zənn edən Nurlan Azaflı kəndini növbəti hədəf seçib. Burada otlaqda bir neçə sakinə məxsus nəzarətsiz olan 7 baş iribuynuzlu heyvanı ərazidən çıxarmağa nail olsa da, planı baş tutmur. Tovuz polisi 22 yaşlı Köçəsgər kənd sakini iş başında saxlayır. Tovuz rayon Polis Şöbəsinin və Regional Mühafizə İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində bu şəxs saxlanılaraq istintaqa təqdim olunur.

 

Əməlindən peşman olan Nurlan Misirov oğurluq edən zaman mal-qaranın sahibsiz otlamasının onun işinə daha çox yaradığını bildirib. 22 yaşlı gəncin digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR