Mosul əməliyyatı: İlk təmas, ilk itkilər - ANBAAN

İraqın Mosul şəhərinin İŞİD-dən təmizlənməsi istiqamətində əməliyyatlar davam edir. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, şəhərə iki tərəfdən hücuma keçilib.


Peşmərgə qüvvələri Mosula şərqdən, İraq ordusu isə cənubdan daxil olmağa çalışır.


Şəhər artilleriya atəşinə tutulur. İŞİD hücuma ağır texnikalardan açılan atəşlə cavab verir. Terrorçuların şəhərdə külli miqdarda partlayıcını hazır vəziyyətdə saxladığı vurğulanır.

Ən kritik nöqtə olan Zertek dağında isə ABŞ hərbçiləri peşmərgə ilə birgə terrorçulara qarşı döyüşür. Həmin bölgədə terrorçuların 3 ağır texnikası sıradan çıxarılıb. Dağın ətrafında isə İŞİD-in daha 8 maşını məhv edilib. Onların hamısı bomba yüklü olub.
 
Bu arada əməliyyatların ilk saatlarında Mosul ətrafında 7 kəndin terrorçulardan təmizləndiyi iddia olunur.


İŞİD-in "canlı bomba"larının daha təhlükəli olduğu bildirilir. Onlardan ikisi partlayış törətmək istəyərkən öldürülüb.

İŞİD-ə qarşı əməliyyatlara dəstək məqsədilə Fransa hökuməti "Şarl de Qoll" aviadaşıyıcısını bölgəyə göndərib.

Türkiyə Silahlı Qüvvələrinin Başika düşərgəsində təlim keçdiyi 1500 döyüşçünün də əməliyyata qatıldığı məlum olub. Bundan əlavə, Türkiyə İraqla sərhədə çoxlu sayda zirehli texnika yerləşdirib.


Mosul yaxınlığında böyük yaşayış məntəqələrindən olan Kermeles koalisiya gücləri tərəfindən bombalanıb, İŞİD-in adı çəkilən qəsəbədə böyük itki verdiyi qeyd olunur.

Pentaqon rəhbəri Eşli Karter Mosul əməliyyatına dəstəyi davam etdirəcəklərini açıqlayıb. Obama administrasiyasından isə Mosula hücum tarixi əməliyyat kimi dəyərləndirilib. 

Rusiya prezidenti Putin keçirilən əməliyyatlar zamanı mülki şəxslər arasında itkilərin az olacağına ümid etdiyini və bunun üçün koalisiya birliklərinin əllərindən gələni edəcəklərinə inandığını deyib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR