OPEK hasilatı artırdı, neft ucuzlaşır - HƏFTƏNİN PROQNOZU

Dünya bazarında neftin qiyməti 52 dollar ətrafında sabitləşir. İki gün fasilədən sonra keçirilən ilk hərraclarda “Brent” markalı neftin bir bareli 51,93 dollardan satılıb. Bu, ötən həftənin son hərracında qeydə alınan ən yüksək qiymətdən 50 sent ucuzdur.

 

Qərbi Texas nefti “Brent”ə nisbətən daha çox dəyər itirib. Həftəyə 50,23 dollardan başlayan WTİ markalı neftin ötən cümə günü ən yüksək qiyməti 51,07 dollar olmuşdu.

 

Neftin nisbətən dəyər itirməsinə OPEK-in aylıq hasilata dair hesabatı səbəb olub. Kartel sentyabr ayında hasilatın səkkiz illik maksimuma çatdığını açıqlayıb. Ötən ay OPEK üzvləri 33,39 milyon barel neft hasil ediblər ki, bu da avqust ayındakı hasilatdan 200 min barel bahadır.

 

Bu həftə neftin qiymətinə ABŞ-da qazma qurğularının sayına dair hesabat ciddi təsir göstərə bilər. Qiymətlərin 50 dolları keçməsi ABŞ-da şist yataqlarının istismarını səmərəli edir, bu səbəbdən ölkədə qazma qurğularının sayının artacağı gözlənilir. Ötən həftə ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının növbəti dəfə azalması qiymətlərin 50 dolları keçməsinə səbəb olub. Ehtiyatların bu həftə də azalacağı gözlənilir, bu səbəbdən sabah və çərşənbə günü açıqlanacaq hesabatlar qiymətlərin bahalaşmasına səbəb ola bilər. Həftə ərzində neftin qiymətinə təsir göstərə biləcək sonuncu amil neft daşımalarında yarana biləcək mümkün fasilələrdir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR