Lerikdə nadir heyvan növü tapıldı

Lerikdə nadir heyvan növü tapılıb. Bu barədə APA TV-nin сənub bürosuna rayonun Hamarmeşə kənd orta məktəbinin müəllimi Qadir Rzayev məlumat verib.


Onun sözlərinə görə, yağışlardan sonra yaşadığı evin həyətyanı sahəsindəki bağı gəzərkən orada ömründə ilk dəfə gördüyü qeyri-adi xəz dərili heyvanla rastlaşıb. Büzüşüb qısılmış heyvanın tülkü balası olduğunu zənn edən Qadir müəllim tapıntını qonum-qonşularına da göstərib. Yaşlı adamlar onun el arasında "ala boyun" adlandırıldığını, lakin çox nadir hallarda rast gəlindiyini bildiriblər.

Qadir Rzayevin sözlərinə görə, dələkimilər fəsiləsinə aid edilən bu heyvan növü yırtıcı sayılır, əsasən kiçik canlılarla, o cümlədən quşlarla qidalanır. Çox sürətli qaçmaq qabiliyyətinə malik olan bu heyvan hətta dovşanı rahat ovlaya bilir. Sıx meşə ərazilərində yaşayıb, insanların məskən saldığı yerlərdə təsadüfi hallarda müşahidə olunur.                         

Məlumata görə, uzunluğu quyruğu ilə birlikdə 70 sm-ə, çəkisi 2 kq-a qədər olan bu yırtıcı heyvan əsasən Avropa və Asiyada dağlıq və meşəlik ərazilərdə yaşayır. Onun bir neçə növü var. Ekoloqlar bu növ yırtıcıların orta hesabla 10 il ömür sürdüyünü, xəzlərinin  müxtəlif rənglərə çaldığını bildirirlər.

Qadir Rzayev tapdığı heyvanın xəstə olduğunu nəzərə alaraq ona hələ bir neçə gün  qulluq edəcəyini, daha sonra isə meşəyə buraxacağını söyləyib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR