Baş nazirin müavini: "Dərman idxalçıları üçün ciddi problem yaranmayacaq"
"Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı dərman idxalçılarının Nazirlər Kabinetinə müraciəti artıq müsbət həllini tapıb". APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, manatın məzənnəsində müəyyən dəyişiklərlə əlaqədar olaraq problemlər yaranıb. Vaxtında bu məsələnin həll edildiyini deyən Ə.Əhmədovun sözlərinə görə, məzənnədə baş verən dəyişikliklər nəzərə alınmadan, müəyyənləşdirilmiş məzənnə əsasında dərman idxal edən şirkətlər üçün müvafiq dövlət və maliyyə qurumları tərəfindən valyuta ayrılıb ki, onlar sərbəst şəkildə, hər hansı bir çətinlik, maliyyə sıxıntısı hiss etmədən dərmanları Azərbaycana gətirsinlər: “Bu, həll olunmuş məsələdir və artıq mexanizm formalaşıb. Arzu edirik ki, bundan sonra manatın məzənnəsində ciddi dəyişikliklər baş verməsin. Baş versə belə, dərman idxalçıları üçün ciddi problem yaranmayacaq. Bu mexanizm artıq formalaşıb”.
Baş nazirin müavini Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı sualı da cavablandırıb. O,qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaxın vaxtlarda pilot layihələr icra olunacaq: “Təkliflər hazırlanıb, onlara baxılır, lazım olan ekspertizadan keçirilməlidir. Burada qarşımıza qoyduğumuz iki əsas hədəfimiz var. Birincisi, icbari tibbi sığortanın və tibbi xidmətlərin yüksək səviyyədə təmin edilməsi üçün lazım olan zəruri vəsaitlər toplansın, digər tərəfdən isə bu, vətəndaşların büdcəsində ağır yükə çevrilməsin. Bu iki vəzifənin əlaqələndirilməsi istiqamətində işlər aparılır və hazır olan kimi ictimaiyyət məlumatlandırılacaq”.
Ə.Əhmədovun sözlərinə görə, Yevlax və Mingəçevir şəhərlərində icra olunacaq pilot layihələrin nəticələri əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?