"Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan" mövzusunda simpozium keçirildi

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi və Mərmərə Universitetinin Fənn-Ədəbiyyat fakültəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dövlət müstəqilliyimizin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri" mövzusunda simpozium keçirib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı müstəqilliyimizin tarixinə nəzər salıb.

 

O, Azərbaycanın müstəqilliyə gedən yolunun böyük mübarizə yolu olduğunu bildirərək, 1991-ci ilin 18 oktyabr tarixindən sonra ölkəmizin istər daxili, istərsə də xarici siyasətində mühüm əhəmiyyətə malik nəticələrin əldə olunduğuna diqqət çəkib: "Bu simpoziumun əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini qeyd etməklə bərabər, Azərbaycan dövlətinin istər enerji siyasətində, istərsə də region dövlətləri ilə siyasətində münasibətlərini aydınlaşdıracaq bir sıra mövzulara toxunulmasıdır. Mən əminəm ki, simpozium iştirakçıları burada müəyyən məlumatlar əldə edəcəklər".

 

Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin əməkdaşı Tural Qurbanov isə analoji tədbirlərin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında dialoqun inkişaf etdirilməsində mühüm aspekt olacağına inandığını deyib.

 

Çıxışlarda müstəqilliyimizin 25 illik tarixi ətraflı şəkildə təhlil olunaraq, ötən dövr ərzində Azərbaycanın dünyadakı nüfuzunun daha da yüksəldiyinə, işğalçı dövlət olan Ermənistandan fərqli olaraq ölkəmizdə beynəlxalq hüquq prinsiplərinə daim riayət olunduğuna geniş yer verilib.

 

Millət vəkili Musa Qasımlı isə ölkəmizin müstəqilliyinin ilk olaraq məhz Türkiyə tərəfindən tanındığını bildirərək, bu amilin hazırda daha da möhkəmlənən dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində digər dövlətlər üçün nümunə olduğunu ifadə edib.

 

Daha sonra məruzələr dinlənilib. Qazi Universitetinin təmsilçisi, professor Haydar Çakmak Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məruzə edib.

 

Siyasi elmlər doktoru Nazim Cəfərsoy isə Azərbaycan-İran münasibətləri mövzusunda məruzə edib.

 

Daha sonra simpozium işini müzakirələrlə davam etdirib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR