Millət vəkili: "Falçı və psixoloqların çoxu qanunsuz fəaliyyət göstərir"
Psixoloji xidmət daxilində bəzi şərtlər var ki, bunlar psixoloq tərəfindən pozulmamalıdır. Bəzi şərtlər var ki, onlar pozulduqda belə, hər bir psixoloq cinayət məsuliyyətinə cəlb oluna bilər. İlk növbədə məxfilik insanlar üçün çox önəmlidir. Psixoloji xidmətdən yararlanan insan ilk növbədə sirrinin qorunmasına təminat istəyir. Əgər bir insan konsultasiyaya gəldisə, bu zaman demək olar ki, bütün həyatını danışa, məhrəm hisslərini ifadə edə bilər. Məhz bu baxımdan psixoloji sirr qorunmalıdır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev APA TV-yə açıqlamasında deyib ki, indiyədək Azərbaycanda psixoloji yardım göstərilsə də, onun hüquqi əsasları müəyyənləşməyib və hər hansı bir standartı yoxdur: "Hətta kimlər psixoloq ola bilər, o qaydalar da müəyyənləşməyib. Psixoloq-pasiyent münasibətləri hüquqi müstəvidə aydınlaşmayıb. Ona görə də bu sahədə çox ciddi problemlər var".
Musa Quliyev qeyd edib ki, Səhiyyə komitəsində "Psixoloji yardım" haqqında qanun layihəsi artıq hazırdır və tezliklə geniş ictimai müzakirəyə çıxarılacaq: "Psixoloq təhsili olmayan, ümumiyyətlə, pedaqoji və tibbi təhsili olmayan, ali təhsili olmayan insanlar, falçılar, guya ekstrasensliklə məşğul olanlar psixoloji kabinetlər açır, insanları guya psixoloji problemlərdən xilas edirlər. Onların çoxu qeyri-qanuni fəaliyyət göstərir, hüquqi əsasları yoxdur. Bütün bunlardan xilas olmaq və psixoloji yardımı hüquqi müstəviyə gətirmək, standartlarını hazırlamaq, psixoloqa olan tələbləri aydınlaşdırmaq məqsədilə psixoloq kimlərə yardım edə bilər, kimlər onlara müraciət edə bilər, dövlətdə və özəl sektorda bu, hansı qaydada həyata keçiriləcək kimi suallar "Psixoloji yardım" haqqında qanun layihəsində öz əksini tapıb. Hesab edirəm ki, bu ilin sonuna qədər sözügedən qanun layihəsi qəbul oluna bilər".
Yeri gəlmişkən, 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda reabilitasiya mərkəzləri haqqında əsasnamə təsdiq edilərək, müxtəlif profilli reabilitasiya mərkəzlərinin fəaliyyətinə icazə verilib. Millət vəkili qeyd edib ki, belə mərkəzlərdə pasiyentlərin anonimliyi qorunmaqla yanaşı, əsas vəzifələrdən biri insanda xəstəliyə səbəb olan problemin aşkarlanması və yaranan asılılığın aradan qaldırılmasıdır.
Bu günlərdə paytaxtda dini təriqət üzvü olan qadının 5 yaşlı oğlunu boğaraq qətlə yetirməsi xəbərinə münasibət bildirən Musa Quliyev qeyd edib ki, bu, çox təhlükəli tendensiyadan xəbər verir: "KİV bu məsələləri diqqət mərkəzində saxlayıb ictimailəşdirməlidir. Bu insan aidiyyəti üzrə psixiatrik klinikaya yerləşdirilməlidir. Bu insanın özünün çox ciddi psixoloji problemi var ki, belə bir hərəkət edib".
Musa Quliyevin sözlərinə görə, hər bir insan psixoloji xidmətə istəyərək müraciət etməli, bu zaman məcburiyyət prinsipi olmamalıdır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?