SOCAR: 175 təqaüdçü gənc ixtisaslarına uyğun işlə təmin olunub

Bu gün SOCAR-ın baş ofisində Daxili Təqaüd Proqramının qaliblərinə plastik kartların və “Yay məktəbi-2016” iştirakçılarına sertifikatların verilməsi ilə bağlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, ali məktəb rektorları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

 

Rövnəq Abdullayev bildirib ki, SOCAR-ın layihələri artıq Azərbaycanın yox, Avropanın 7-8 şəhərində keçirilir: “Bu layihələrdə SOCAR nəinki iştirakçı kimi iştirak edir, hətta operatorluq edir. Bu işlərin görülməsində ən vacib amil kadr məsələsidir. 2006-cı ildə bu işlərin görülməsinə başladıqda kadr çatışmazlığı, dil biliklərinin olmaması kimi hallarla qarşılaşdıq. Artıq Azərbaycanda nəinki gənc mütəxəssislər, hətta fəhlə kadrları da hazırlanıb”.

 

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, kadr potensialının daha da gücləndirilməsi məqsədilə Azərbaycanda neft-qaz ixtisasları üzrə təhsil alan tələbələr üçün reallaşdırılan Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 175 təqaüdçü “Gənc mütəxəssis” statusu ilə SOCAR-ın strukturlarında ixtisaslarına uyğun işlə təmin olunub. Onun sözlərinə görə, 2015-2016-cı tədris ili üzrə keçirilmiş müsabiqəyə 2026 əlaçı tələbə müraciət edib, onlardan 1571 nəfəri test imtahanında iştirak etmək hüququ qazanıb.

 

Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov isə deyib ki, bu gün ölkənin neft sənayesində ən böyük problem təhsil müəssisələrində kimya fənninin tədrisi ilə bağlıdır. O bildirib ki, bir çox məktəblərdə kimya fənninin tədrisindən imtina edilir. Onun sözlərinə görə, bu problemlərin həlli üçün kimya müəllimlərinin hazırlanması qaydaları (metodologiyası) dəyişməlidir: “10-cu sinfin 138 səhifəlik “Kimya” kitabını müəllimlər öyrədə bilmirsə, onun əsas səbəbi müəllim hazırlığı ilə bağlıdır. Ona görə müəllimlərin hazırlanması qaydaları dəyişməlidir”.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR