Azərbaycan prezidenti: “Pakistan bizim üçün ən yaxın dostlardan biridir”
Azərbaycana rəsmi səfərə gələn Pakistan İslam Respublikasının vaş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.
APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın vaş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifi qarşılayıb. Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib. Prezident İlham Əliyev və baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.
Prezidenti İlham Əliyev bildirib ki, bu gün bizim üçün vacib gündür: "Bizim əlaqələrimiz yüksək səviyyədədir və əminəm ki, bu görüş əlaqələrimizi daha da gücləndirmək baxımından uğurlu olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün həyata keçirilmiş işlərə bir daha nəzər salmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli keçəcək".
“Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir” deyən Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif qeyd edib ki, Bakı ən təmiz şəhərlərdən biridir. “Deməliyəm ki, biz dünəndən çox təsirlənmişik. Cənab prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir. Şəhərin planlaşdırılması, dünən və bu gün gördüyümüz gözəlliklər bizi məftun etdi”, - deyə o vurğulayıb.
Pakistan baş naziri qeyd edib ki, 15 ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir: “İlk növbədə gözəl ölkənizə səfər etməyin bizim üçün şərəf olduğunu demək istərdim. Biz Bakını görməyə çox şadıq. Son 10-15 ildə Bakı belə gözəl bir şəhərə çevrilib. On beş ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir. Artıq qeyd etdiyim kimi, mən 1998-ci ildə Bakıda olmuşam. Burada rəsmi səfərdə olmaq şəxsən mənim üçün şərəfdir. Cənab prezident, deməliyəm ki, Pakistan xalqı dahi atanız mərhum prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir. Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir”.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.
Dövlət başçısı vurğulayıb ki, Pakistan Azərbaycan üçün ən yaxın dostlardan biridir: “Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bizim çox yaxın siyasi əlaqələrimiz var. Biz baş nazirlə siyasi əməkdaşlığımızın səviyyəsinin çox yüksək olduğunu müzakirə etdik. Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir. Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizi dəstəkləyir. Cənab Baş nazir, səfərinizin xoş keçməsini arzulayıram. Dəvətimi qəbul edib bu gün Azərbaycana səfər etdiyinizə görə Sizə minnətdaram”.
Geniş tərkibli görüşdən sonra prezident İlham Əliyev və Pakistanın baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan prezidenti İlham Əliyevin adından Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin şərəfinə rəsmi nahar verilib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?