“Azərbaycan multikulturalizmi” elektron kitabxanası və veb saytı təqdim olundu
Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri açıq elan edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması barədə prezidentin sərəncamına uyğun olaraq bu il martın 11-də təsdiqlənən “Tədbirlər Planı”nda “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması Prezident Kitabxanasına həvalə olunub.
Daha sonra o, yeni resurs barədə ətraflı məlumat verərək deyib ki, saytın “E-kitabxana” bölməsində Azərbaycan multikulturalizminə dair müxtəlif dillərdə 160-dan artıq kitab elektron versiyada təqdim olunub. Yeri gəlmişkən, sayt və elektron kitabxana Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. M.Əhmədov həmçinin qeyd edib ki, saytdakı materiallar 6 bölmədə qruplaşdırılıb. Bölmələrdə istifadəçilərə Azərbaycanda məskunlaşmış xalqların, milli azlıqların, etnik qrupların tərkibi, demoqrafik vəziyyəti, məskunlaşma arealları haqda ətraflı məlumat verilib. Sayta azsaylı xalqların, milli azlıqların nümayəndələrinin təhsil aldığı məktəblərdə tədris olunan dərsliklərin elektron versiyaları da yerləşdirilib. Azərbaycanda yaşayan azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı sahəsində qəbul edilən qanun, fərman, sərəncam və digər sənədlərin mətnləri toplanıb. Multimedia bölməsinin “Fotoqalereya” və “Videoqalereya” bölümlərində azsaylı xalqların, milli azlıqların, etnik qrupların adət-ənənələrini, həyat tərzini əks etdirən foto və video materiallar toplanıb.
M.Əhmədovun sözlərinə görə, “E-resurslar” bölməsində multikulturalizmə dair 700-dən artıq məqalənin tam mətnləri ilə tanış olmaq olar.
Digər çıxış edənlər yeni resursun Azərbaycan multikulturalizminin tanıdılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?