Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşdı

Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun  uzunluğu 8 km-dir. APA TV-nin xəbərinə görə, bu yol uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində xüsusən payız-qış mövsümündə problemlər yaradırdı.

 

Artıq bu ildən etibarən bu kimi problemlər yerli sakinləri narahat etməyəcək. Çünki Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.

 

Yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə 2 metr enində çiyinlər də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir.

 

Tikinti layihəsi çərçivəsində yolun 48 min kv. m sahəsinə yeni asfalt-beton örtük döşənib. Bundan başqa, yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 460 metr təşkil edir.

 

Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 42 ədəd yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 1 yerdə avtobus dayanacağı tikilib.

 

Qeyd edək ki, Qazax-Kosalar avtomobil yolunun tikintisi Azərbaycan prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib.

 

Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa, Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaq.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR