Ucuz mandarin, baha feyxoa... - BAZARDAN REPORTAJ

Artıq payız fəsli başlayıb. Bu da o deməkdir ki, bazarlarda mövsümi meyvə-tərəvəzlər satışa çıxarılıb. Piştaxtalara nar, xurma, naringi, portağal, kivi və s. kənd təsərrüfatı məhsulları düzülüb.

 

APA TV-nin xəbərinə görə, meyvə-tərəvəzlər növünə görə müxtəlif regionlardan gətirilir. Məsələn, naringi əsasən Astaradan, xurma, nar, heyva, pomidor Göyçaydan, alma, armud, şaftalı Quba və Xaçmazdan, tərəvəzlər isə əsasən Bərdə, Qazax, Ağdaş, Goranboy, Şəmkir, Balakən, Tovuz, Cəlilabaddan gətirilir. Pomidor, bibər, xiyar Bakı kəndlərində yetişdirilir.

 

Satıcılar deyir ki, bəzi məhsulların qiymətində ucuzlaşma müşahidə olunur, bəzilərində isə əksinə, bahalaşma. Hava şəraiti ilə əlaqədar olaraq müəyyən növ meyvə-tərəvəzin yığımında məhsuldarlıq aşağı olub. Bu da birbaşa qiymətə təsir göstərib: “Mandarinlər ucuzlaşıb. Heç zəhmətinə dəymir. Öz məhsulumdur. 1, 1.50, 2 AZN-dir. Feyxoa bir az bahadır - 3 AZN-dir. Feyxoa azdır bu il. Ötən illə müqayisədə 1 manat bahalaşma var. Qiymət artımı məhsulun azlığı ilə əlaqədardır. Məhsul bol olsa, ucuzlaşar”.

 

Beləliklə, bazarda meyvələrin mövcud qiymətləri belədir:

 

Naringi - 2-2.50 AZN

Xurma - 1.-1.50 AZN

Nar - 2 AZN

Üzüm - 3-3.50 AZN

Heyva - 2-2.50 AZN

Şaftalı - 3 AZN

Portağal - 3 AZN

Kivi - 2.50 AZN

Armud - 2.50 AZN

Alma - 1-1.50 AZN

 

Tərəvəzlərə gəlincə,

 

Xiyar - 0.50 - 1 AZN

Pomidor - 1- 2 AZN

Badımcan - 0.70-1 AZN

Bibər - 0.50-1 AZN

Yerkökü - 1 AZN

Lobya - 0.50-1 AZN.

Kələmin kilosu 1 AZN-ə satılır.

 

Göyərtilərin qiyməti isə belədir:

 

Keşniş, şüyüd və ispanağın dəstəsi 0.16 AZN, cəfəri və turp 0.12 AZN, reyhan 0.10 AZN, nanə 0.15 AZN, soğan 0.20 AZN, tərxun 0.60 AZN, kahı 0.50 AZN-ə satılır.  

 

Xörəklərin hazırlanmasında ən çox istifadə olunan kartof və soğan isə 70-80 qəpiyə satılır.

 

Satıcılar həmçinin son zamanlar alverin zəif olduğunu deyirlər. Məktəblərin açılması əhalinin büdcəsinə xeyli təsir edib. Bu səbəbdən ki, satışda zəiflik var. Günorta saatları olmasına baxmayaraq, satıcılar arasında siftə etməyənlər var idi: “Alver zəifdir. Çox zəifdir. Bu, mövsümi keçidlə əlaqədardır. Məktəblər açılıb deyə”.

 

Bazarda yerli meyvə-tərəvəz məhsulları üstünük təşkil edir. Satıcıların sözünə görə, mövsüm hələ tam başlamayıb. Onlar məhsulun bol olacağına və satışın tam olacağına ümid edirlər. Necə deyərlər, bazar olsun! 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR