Səməd Seyidovdan AŞPA iclasında ermənilərə sərt cavab - TÜRKİYƏYƏ GÖRƏ
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında cari məsələ kimi dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət ətrafında müzakirə aparılıb.
APA TV-nin Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyəni tənqid edən Ermənistan nümayəndə heyətinin üzvlərinə cavab verib. O, erməni tərəfinin davranışını qəbuledilməz və riyakarlıq adlandırıb. S. Seyidov bildirib ki, Türkiyədə terrorçu təşkilat ölkədə mövcud olan demokratik üstünlüklərdən yararlanaraq hakimiyyəti devirmək niyyətində olub:
"Avropa Şurasında təmsil olunan istənilən ölkə Türkiyənin məruz qaldığı dəhşətli hadisələrlə qarşılaşa bilər. Eyni zamanda istənilən ölkədə tanklar küçələrdə dinc, günahsız insanları öldürə bilər. Biz diqqət yetirməliyik ki, Türkiyə indi yalnız ölkədəki terrorçu qruplaşmalara qarşı deyil, həm də dünyada demokratiyanın möhkəmlənməsi üçün mübarizə aparır. Bu gün burada Türkiyəni tənqid edirlər, mən düşünürəm ki, bu Türkiyədə əslində nələrin baş verməsi ilə bağlı yetərincə informasiyanın olmamasından irəli gəlir. Türkiyədə heç kim özünü FETÖ adlandıran təşkilatın hakimiyyətə gəlməsinə və yüksək vəzifələr tutmasına imkan verməyəcək. Görünür ki, bu terror təşkilatı Türkiyədəki demokratik cəmiyyətin imkanlarından istifadə edərək hakimiyyəti dəyişdirmək istəyib, lakin hərbi yolla bunun mümkün olmayacağını nəzərə almayıb. Bu çevriliş cəhdinə cəmiyyətin reaksiyası çox sərt oldu. Burada birmənalı şəkildə nəzərə alınmalıdır ki, Türkiyənin hakimiyyəti də, parlamenti də ölkədə demokratiyanın bərqərar edilməsi üçün bütün vasitələrdən istifadə etdi. Türkiyədən olan həmkarlarım xalqın bu gün demokratiya uğrunda mübarizə apardığını və məhz onların demokratiyanın təminatçısı olduğunu söyləyərkən haqlı idilər".
Azərbaycan nümayəndə heyətinin rəhbəri bu gün Türkiyənin üç təhlükə ilə qarşı-qarşıya olduğunu bildirib:
"Onlardan biri ölkədə demokratik hakimiyyəti zorla ələ keçirmək istəyən daxildəki terror qruplaşmalarıdır və biz bunu anlamalıyıq. İkinci təhlükə Türkiyə ərazisində demokratiyaya qarşı müharibə elan edən PKK və İŞİD kimi terror təşkilatlarıdır. Üçüncüsü isə bütövlükdə bu təşkilatlardan gələn daha qorxulu təhdidlərdir. Biz bu gün təəssüf ki, ikili standartlar müşahidə edirik. Nümunə üçün bir ölkənin, daha dəqiq mənim ölkəmin ərazisini işğal edən dövlət bu gün Türkiyəni qeyri-demokratik ölkə olmaqda ittiham və tənqid edir".
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?