FHN Qəbələdə komanda-qərargah təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi və nazirliyin regionda yerləşən digər qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanları əməkdaşlarının iştirakı ilə oktyabrın 12-13-də Qəbələ rayonu ərazisində komanda-qərargah təlimi keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, komanda-qərargah təliminə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edib.
Komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimə FHN-in bütün qurumlarından 640 nəfərlik şəxsi heyəti və 110 ədəd texnikası cəlb olunub.
Kompleks təlimlər zamanı bir neçə şərti hadisə və qəzalar baş verib. Belə ki, əvvəlcə Qəbələ rayonunun Soltannuxa kənd orta məktəbində baş verən qəza zamanı şagirdlərin köçürülməsi, zəlzələ zamanı kənd sakinlərinin köçürülməsi və onların çadırlara yerləşdirilməsi prosesi həyata keçirilib. Sonra qaz kəmərində baş verən partlayışın söndürülməsi və xəsarət alan şəxslərin ərazidən çıxarılması, onlara ilkin tibbi yardımın göstərilməsi əməliyyatı baş tutub. Sonra yol-nəqliyyat hadisəsi zamanı xilasedicilər tərəfindən xəsarət alan şəxslər xilas olunub. Meşə massivində baş verən və geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün tədbirlər uğurla bağa çatdırılıb. Həmçinin hündürmərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra dağıntılar altında qalan insanların xilas edilməsi və baş verən yanğının söndürülməsi, kimyəvi təhlükəli qəza ocağının söndürülməsi və insanların xilas edilməsi əməliyyatı həyata keçirilib.
Təlim taktiki cəhətdən mürəkkəb ərazidə və əlverişsiz hava şəraitində keçirilsə də, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Təlimi Avstriyanın Federal Daxili İşlər Nazirliyinin yanğın üzrə ekspertləri və dağ alpinizmi üzrə mütəxəssisləri də izləyib.
Təlimdən sonra nazir müavini Etibar Mirzəyev avstriyalı mütəxəssislərlə görüşüb, komanda-qərargah təliminin yekunları ilə bağlı müşavirə keçirib. Sonda isə avstriyalı mütəxəssislərə hədiyyələr təqdim edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?