Füzulidə Qayıdış qəsəbə-kompleksinin əsas yolu yenidən qurulur
“Azəravtoyol” ASC tərəfindən inşası aparılan Füzuli rayonu 1-ci və 11-ci Qayıdış qəsəbələrarası avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla uzunluğu 23 km-dir. APA TV-nin məlumatına görə, yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Qəsəbələrdən keçən hissələrdə yolun hərəkət hissəsi 6 metr, digər ərazilərdə isə 7 metrdir. Layihə çərçivəsində hər bir istiqamət üzrə 2,5 metr enində çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edir.
Artıq sözügedən avtomobil yolunun 14 km-lik hissəsində tikinti işləri tam olaraq yekunlaşdırılıb, hazırda qalan 9 km-lik hissədə torpaq və asfaltlanma işləri aparılır. Daha dəqiqi qum-çınqıl və optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının tikintisi və yola 2 qatolmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yolun hazır olan 14 km-lik hissəsində 98 min kv.m ərazi asfaltlanıb, tikintisi davam edən 9 km-lik hissədə isə daha 63 min kv.m ərazinin asfaltlanması işləri aparılacaq.
Layihə çərçivəsində 15 yerdə su keçidlərinin və su borularının tikintisi işləri aparılıb. Bundan başqa yolun 5-ci km-də, Mil kanalı üzərində avtomobil körpüsü əsaslı şəkildə bərpa edilir. Sözügedən körpü 1 aşırımlı olmaqla uzunluğu 18 metrdir, hərəkət hissəsi 9 metr, 1,5 metr enində səkilər də daxil ümumi eni 12 metr təşkil edir. Yolda tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması və yola üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Füzuli rayonunun 1-ci və 11-ci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında aparılır. 1-ci və 11-ci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi 12 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?