Cavid Qurbanov: "Yolayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdiriblər"

2014-cü ildə "Azərbaycan Dəmir Yolları"nda 21 milyon 800 minə yaxın yük daşınıb. Bu yükdaşımanın 5 milyonu daxili yükdaşımadır. Gəlirlər isə 25 milyon manat olub.

 

APA TV-nin xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

"Yükdaşımada dünyada olan böhran, bizə də təsir etdi. Burada bəzi məsələlər, düzgün aparılmayan tarif siyasəti yüklərin çoxunun buradan qaçmasına səbəb olub. Ancaq biz bunu yavaş-yavaş tənzimləmişik, gedən tənəzzül haradasa dayanıb. Gələn il bizim hədəfimiz 1 milyon 800 min ton olmalıdır" - deyən Cavid Qurbanov əlavə edib ki, bu il ərzində Azərbaycandan keçməklə Ukrayna-Orta Asiya nəqliyyat marşrutu üzrə hərəkət edən dəmir yolu yük vaqonlarının sayı artıb. Ötən il Azərbaycandan keçən vaqonların sayı 460 idisə, bu il onların sayı 2 000 ədədi üstələyib.

 

O vurğulayıb ki, cəmiyyətin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istəyir: "Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yolayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun, kənardan mal-material gətirilə bilməz".

 

Sədr digər nöqsanlara da toxunub: "Bir gün əsas binamızda otaqlardan birinə girdim və gördüm ki, bir xanım yanında uşaqla əyləşib. Otaqdan bozbaş iyi gəlirdi. Xanım yeməyi radiatorun üstündə qızdırırdı. Ən pisi odur ki, radiatorun "vilka"sı da bərbad gündə idi və "vilka" ilə "razetka" bir-birinə məftillə bağlanmışdı. Mən o xanımın xətrinə dəymədim, çünki onun bu məsələdə günahı yoxdur. Günahkar bu şəraiti yaradandır".

 

Cavid Qurbanov Bakı dəmiryolu vağzalının binasında aparılan tikinti-yenidənqurma işlərinin davam etdiyini deyib: "Vağzalın binası yenidən qurulur. Orada yerləşən, eybəcər şəkildə olan ticarət obyektləri yenilənir. Vağzalın binasının ikinci mərtəbəsində "ASAN Xidmət"in yeni filialı yerləşəcək. Hesab edirəm ki, ilin sonunadək bina istismara veriləcək. Sərnişindaşımada online sistemə keçmişik. Artıq biletlərin hamısı online sistemlə alına bilər. Gələcəkdə isə bilet satışını Asan Xidmətin üzərinə dövr edəcəyik. Artıq bizim köhnədən qalmış kassir məsələsinə birdəfəlik son qoyacağıq".

 

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub. Daha sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, "Fəxri Dəmiryolçu" döş nişanı və pul mükafatı təqdim edilib. Tədbir iştirakçıları adından prezident İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR