Prezident İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.
APA TV xəbər verir ki, MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb.
Prezident İlham Əliyevə burada hazırda icra olunan üç yeni layihə barədə məlumat verilib. “Baku Steel Company” MMC bu layihələri İtaliyanın “Danieli” şirkəti ilə reallaşdırır.
Sonra Prezident İlham Əliyev oksigen zavodunun açılışında iştirak edib.
Zavod dünyanın bu sahədə ən qabaqcıl şirkəti olan “Air Liquide” şirkətinin avadanlığı ilə təchiz olunub. İnşası yerli şirkətlər tərəfindən aparılan bu müəssisənin istehsal gücü saatda 5 min kubmetrdir. Burada istehsal ediləcək oksigen kimyəvi tərkibinə görə çox yüksək təmizliyə malikdir və “Baku Steel Company”nin artan istehsal gücünü tam ödəməklə yanaşı, elektrik qövs sobasında kimyəvi enerji kimi istifadə edilir. Bu isə elektrik enerjisi məsrəfinə qənaət etməyə imkan verir.
Dövlət başçısı zavodu işə salan düyməni basıb.
Daha sonra prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış olub, burada istehsal olunan məhsullara baxıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?