“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirildi
AMEA Tarix İnstitutu tərəfindən nəşr olunan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, təqdimat mərasimində çıxış edən Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə sanballı töhfə, qiymətli hədiyyədir.
Ə.Mehdiyev deyib ki, 25 il əvvəl qazanılmış müstəqilliyin yolu rəvan olmayıb: “Müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşdik. Siyasi ziddiyyətlər meydana çıxmışdı. Emosionallıq üstünlük təşkil edirdi. Müstəqillik zamanı yaşanan yüksək əhval-ruhiyyə zamanla xaosla əvəz olundu və ideoloji boşluq yarandı. Lakin Azərbaycan xalqı Heydər Əliyevin göstərdiyi yolla gedərək səfərbər oldu və ardıcıl addımlar atılmağa başlandı. 1993-cü ildən sonrakı dövr müstəqil Azərbaycan dövlətinin formalaşmasında dönüş nöqtəsi oldu”.
AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov qeyd edib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür: “Əsərin 1-ci cildi 1991-2003-cü illəri, yəni Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri - Azərbaycan prezidenti İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir. I cilddə 1991-ci ildə Azərbaycan dövlətçiliyinin bərpası bütövlükdə xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir. II cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub”.
Qeyd olunub ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alimlər tərəfindən yazılıb. Hər 2 cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.
Daha sonra tədbirdə tarixçi-alimlər çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?