Professor Oqtay Əfəndiyevin 90 illik yubileyi qeyd olundu
Bu gün AMEA-da görkəmli səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri açıq elan edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, O.Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” əsəri Azərbaycan tarixinə verilmiş ən böyük töhfədir. Direktor Oqtay Əfəndiyevin uzun illər Tarix İnstitutunda “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etdiyini, bunun da nəticəsində həmin dönəm Azərbaycan tarixinə dair çox sayda elmi məqalələr dərc etdirdiyini qeyd edib. Onun sözlərinə görə, Oqtay Əfəndiyev tərcümə işi ilə də məşğul idi: “Oqtay müəllimin tərcümə işləri var idi. Təkid elədim ki, İskəndər Münşinin əsəri tərcümə olunsun. Namiq Musalı ilə o, müxtəsər tərcümə etdilər. O iş yarımçıq qalmışdı. Daha sonra Şahin Fazillə birgə 3 min səhifəlik 2 cilddən ibarət əsəri tərcümə etdirdik və Azərbaycan dilində təqdim etdik”.
AMEA-nın müxbir üzvü Nərgiz Axundova da öz növbəsində şərqşünas alim Oqtay Əfəndiyevin məhz səfəvişünas kimi nailiyyətlərini vurğulayıb. O, qeyd edib ki, Oqtay Əfəndiyevə qədər səfəvi sülaləsinin etnik mənşəyi barədə fərqli fikirlər səslənirdi. Məhz o, ilk dəfə Səfəvi dövlətinin Azərbaycan dövləti olduğunu sübut edib: “Düşünürəm ki, Oqtay müəllimin adı ilə Azərbaycanda səfəvişünaslıq elminin əsası qoyulub. Elə bir xarici nəşr yoxdur ki, Səfəvi problemini öyrənəndə Oqtay müəllimin əsərlərinə istinad etməsin. Bu, Azərbaycan elmi üçün çox böyük nailiyyətdir. Çünki Oqtay müəllim Səfəvi dövlətini Azərbaycana qaytarıb, onun mənşəyini, etnik mənsubiyyətini, onların tarixdəki rolunu təhlil edib".
Sonra Tarix İnstitutunun direktor müavini, dosent Tofiq Nəcəfli, professor Şahin Fazil, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov və başqaları çıxış edərək, O.Əfəndiyevin tarix elmindəki roluna dair fikirlərini bölüşüblər.
Qeyd edək ki, O.Əfəndiyev 2013-cü il fevralın 27-də 87 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?