Fuad Ələsgərov: "Miqrantların Azərbaycana qanunsuz daxil olmaq cəhdləri var"

"Ermənistanın işğalına məruz qalan Azərbaycan ciddi miqrasiya problemi ilə üzləşib". APA TV-nin məlumatına görə, bunu Bakıda keçirilən MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının açılışında çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

 

O, prezident İlham Əliyevin toplantı iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Dövlət başçısı ümid etdiyini bildirib ki, bu iclas qanunsuz miqrasiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə yardımçı olacaq.

 

F.Ələsgərov qeyd edib ki, işğal olunmuş ərazilərdə qanunsuz miqrasiya və narkotik dövriyyəsi həyata keçirilir: "Orta Şərqdə baş verən proseslər fonunda Avropada qaçqınlarla təhqiramiz davranılır. Avropa İttifaqında miqrasiya problemi ilə effektiv həll mexanizmi hələ tapılmayıb. Bir çox halda adi insan hüquqlarına əməl edilmir. Digər tərəfdən, miqrasiya böhranı fonunda Avropada irqçilik, dözümsüzlük artır. Miqrantların Azərbaycana da qanunsuz daxil olmaq cəhdləri var. Azərbaycan əlverişli geosiyasi məkanda yerləşir, sabit ölkədir, multikulturalizm hökm sürür".

 

Fuad Ələsgərov bildirib ki, bu gün miqrasiya böhranının ən aydın nümunəsi Suriyadan qaçqınların Avropaya kütləvi axınıdır: "Onlar Avropada sığınacaq tapacaqlarına ümid edirlər, lakin kobud münasibətlə və bəzən Avropa ölkələri tərəfindən sərt siyasətlə qarşılaşırlar. Beləliklə, ksenofobiya və islamofobiya meylləri güclənməyə başlayır, bir sıra siyasətçilər isə bundan hakimiyyətə gəlmək üçün istifadə edirlər".

 

"Azərbaycanda "ASAN Viza" xidməti noyabrda işə başlayacaq" deyən Fuad Ələsgərov qeyd edib ki  bu, Azərbaycana gələrkən viza alınması prosesinin rahatlığını əhəmiyyətli dərəcədə yüksəldəcək: "Azərbaycan tədricən əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir".

 

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev və Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy çıxış ediblər. Şuranın 2017-ci il üçün sədri seçilən A.Qorovoy çıxışında gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəliyə 18 məsələ daxil edilib.

 

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çıxışında ölkədə miqrasiya, vətəndaşlığı olmayan şəxslərlə bağlı problemlərin həlli istiqamətində görülən işlərdən danışıb.

 

MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, millət vəkili Arif Rəhimzadə Şuranın miqrasiya sahəsində böyük təcrübəyə malik olduğunu söyləyib.

 

İclas daha sonra mətbuat üçün qapalı davam etdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR