OPEK: Hasilatın dondurulması barədə razılaşma 6 ay qüvvədə olacaq

"Hasilatın dondurulması ilə bağlı OPEK üzvləri arasında əldə olunan razılaşma altı ay ərzində qüvvədə olacaq. Bu müddətdən sonra sənədin şərtləri yenidən nəzərdən keçirilməlidir". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Beynəlxalq Energetika Konqresi zamanı təşkilatın baş katibi Məhəmməd Barkindo bildirib.

 

O, deyib ki, hazırda həm OPEK daxilində, həm də quruma üzv olmayan ölkələr arasında sözü gedən razılaşmanın məhz göstərilən müddət ərzində qüvvədə olması ilə bağlı fikirlər səslənir: "Biz digər dövlətlərin də əldə olunan razılaşmaya qoşulacağına əminik. Çünki bu, ilk növbədə həm istehsalçı, həm də istehlakçı qismində olan ölkələrin maraqlarına uyğundur", - deyə o qeyd edib.

 

OPEK üzvləri tərəfindən hasilatın dondurulması ilə bağlı razılıq sentyabrın sonunda Əlcəzairdə keçirilən qeyri-formal danışıqlar zamanı əldə olunub. Bu məsələ ilə bağlı yekun anlaşmanın isə noyabrın 30-da təşkilatın Vyanada keçiriləcək toplantısı zamanı imzalanacağı gözlənilir. Həmin vaxt eyni zamanda hasilat kvotasının müəyyənləşdirilməsi də müzakirə mövzusudur.

 

Bu arada Rusiya tərəfi də hasilatın dondurulması ilə bağlı mövqeyinə aydınlıq gətirib. Energetika naziri Aleksandr Novak ölkəsinin neft hasilatını dondurmaq, lakin məhdudlaşdırmamaq barəsində qərar verdiyini açıqlayıb.

 

Yeri gəlmişkən, sentyabr ayında kartelə üzv ölkələrin ümumi hasilat həcmi sutkada 33,64 milyon barel təşkil edib ki, bu da avqustun göstəricilərindən 160 min barel çoxdur. Rusiya isə sentyabrda sutka ərzində 11,1 milyon barel neft hasil edib.

 

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, OPEK üzvləri arasında razılaşmalara əməl olunarsa, dünya bazarında pozulmuş balans gözlənildiyindən daha erkən bərpa ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR