Top buraxmadan daha 1 xal - ÇEXİYA-AZƏRBAYCAN 0:0
DÇ-2018-in seçmə mərhələsinin 3-cü turunun son oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan millisi Çexiyada yerli yığmanın qonağı olub.
İlk iki oyunda maksimum nəticə əldə edən və qapısında qol görməyən komandamız növbəti görüşə güclü yağış altında çıxıb. İlk dəqiqələrdən hücuma atılan çexlər erkən qol vurmaq istəsələr də, bu alınmayıb. Sonrakı dəqiqələr də yerli komandanın ərazi üstünlüyü ilə keçib. Qapıçımız Kamran Ağayev bir epizodda komandamızı qoldan xilas edib.
Əsasən müdafiəyə üstünlük verən futbolçularımız çexləri əks-hücumlarda yaxalamağa cəhd ediblər. Bir neçə dəfə künc zərbəsi qazanan millimiz sahənin ağır olması səbəbi ilə nəticə əldə edə bilməyiblər. Oyunun 33-cü dəqiqəsində çexlər təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetiriblər. Top qapının üstündən keçib. Sonuncu dəqiqələrdə isə futbolçumuz cərimə meydançasının qarşısından rəqib qapısına tərəf qüvvətli zərbə endirsə də top çex futbolçuya dəyib. Rəqib oyunçu zərbənin gücündən bir neçə dəqiqə özünə gələ bilməyib. İlk hissə bərabərliklə nəticələnib.
İkinci hissə də çexlərin hücumları ilə başlayıb. Lakin millimiz əzmlə müdafiə olunaraq ev sahiblərinin hücumlarının qarşısını səhvsiz alıb. Rəqibin bir neçə təhlükəli zərbəsinin qarşısını isə Kamran Ağayev dəqiqliklə alıb. İkinci 45 dəqiqənin ortalarında yığmamız bir neçə dəfə hücum etsə də zərbələr dəqiqi olmayıb. Nazarovun uzaqdan zərbəsini isə Çexiyanın qapıçısı qapı xəttindən çıxara bilib.
Oyunun sonlarında hər iki komandanın yorğunluğu özünü büruzə verib. Hakimin oyuna əlavə etdiyi 5 dəqiqədə də qapılara top vurulmayıb.
Azərbaycan millisi Çexiyada da qapısını toxunulmaz saxlayaraq vətənə bir xalla dönür. Bu qrupda digər görüşlərdə Almaniya Şimali İrlandiyanı 2:0, Norveç isə San Marinonu 4:1 hesabı ilə məğlub edib. 3-cü turdan sonra Almaniya 9 xalla birinci, millimiz 7 xalla ikincidir. 3-cü yerdə 4 xalla Şimali İrlandiya, 4-cü pillədə isə 3 xalla Norveç qərarlaşıb. Çexlərin iki xalı var, sonuncu mövqedə isə xalı olmayan San Marinodur.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?