Səlim Müslümov: "2700 nəfər bank işçisi işsiz kimi qeydiyyatdan keçib"

Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib. APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, son dövrlər bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb: "Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub. Son səkkiz ayın məlumatına görə isə banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır. Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Ona görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir".

 

Səlim  Müslümov bildirib ki, bunun üçün işsizlikdən sığorta sistemi olmalı və hər kəs öz iş yerini sığortalamalıdır.

   

Nazir qeyd edib ki, son zamanlar əməyin təhlükəsizliyi qaydaları işəgötürənlər tərəfindən kobud şəkildə pozulur: "Artıq bir ilə yaxındır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tikinti şirkətlərində yoxlamalar aparmır. Buna görə də biz müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə xəbərdarlıq, xahiş edərək bildirmişik ki, əməyin təhlükəsizliyi qaydalarına riayət edilsin. Təəssüflər olsun ki, işəgötürənlər əməyin təhlükəsizliyinə yönəldilməli olan vəsaitə qənaət edir, onu başqa istiqamətə yönəldirlər. Bunun nəticəsidir ki, tikintidə insan itkisi ilə nəticələnən hadisələr baş verir. Bunun qarşısının alınması üçün mən bir daha işəgötürənlərə müraciət edirəm ki, əməyin təhlükəsizliyi qaydalarına riayət etsinlər. Hər belə hal üçün ağır təhqiqat nəticələri ortaya çıxır. Bu isə sığorta şirkətlərinin işinə də çətinlik törədir. İşçilərin sığortalanmaması onlara problem yaradır, nəticədə onların ailəsi sığorta ödənişi ala bilmirlər".

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Sumanqul Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, mərkəzdə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili üçün yaradılmış şəraitlə tanış olub. Qonaqlara kursların təşkili ilə bağlı aparılan işlər, o cümlədən modul tədris proqramları,  özünüməşğulluq proqramı üzrə mərkəzdə həyata keçirilən təlim prosesi ilə bağlı məlumatlar verilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR