İstanbulda 23-cü Dünya Enerji Konqresi başladı
Oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb.
APA TV-nin xəbərinə görə, “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər.
Əvvəlcə Konqres iştirakçıları iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konqresin açılışında Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid Kim çıxış edərək, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda qarşıda duran əsas hədəflərdən olduğunu deyib.
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak dünyada təmiz enerji mənbələri ilə yanaşı, enerji daşıyıcılarının təhlükəsiz şəkildə nəqlinin də mühüm önəm daşıdığını vurğulayıb.
Türkiyənin baş naziri Binəli Yıldırım dünyada enerji mənbələrinin şaxələndirilməsinin, enerji məhsullarının təhlükəsiz daşınmasının önəmini qeyd edib. Türkiyənin enerji sahəsində həyata keçirdiyi və iştirak etdiyi layihələrdən danışan Binəli Yıldırım Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bu baxımdan önəmini xüsusi vurğulayıb. O, Azərbaycanın və Türkiyənin mühüm rol oynadıqları “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən danışıb.
Azərbaycan prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, 100 il əvvəl Bakıda ilk neft çıxarılıb: “Dünyada ilk dəfə dənizdən də neft məhz Azərbaycanda, Xəzərdə çıxarılıb”.
“Əsrin Müqaviləsi”ndən danışan prezident bildirib ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümü qeyd edəcək: “Azərbaycanın müstəqilliyində enerji layihələri böyük rol oynayıb. Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir. Biz neftdən əldə etdiyimiz gəliri iqtisadiyyatımıza yatıraraq, onu diversifikasiya edirik. Bu gün Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün üç marşrut var. Bunlardan ikisi Qara dənizə, biri - Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. Biz ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir: “Bu böyük qaz ehtiyatlarının daşınması üçün kəmərə ehtiyac var idi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik etdi və TANAP layihəsinin tikintisinə start verdi. TANAP-ın daxil olduğu Cənub Qaz dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir”.
Dövlət başçısı bildirib ki, Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş və Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr uğurla davam etdirilir: "Azərbaycanla Türkiyənin dostluğu daimi, əbədi, sarsılmazdır".
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?