Abşeronda çobanın əl-qolunu bağlayıb qoyunları oğurlayan dəstə ələ keçdi

Müşfiq qəsəbəsi Sevil Yaşayış Massivində yerləşən otlaq sahəsində çobanı döyərək əl-ayağını bağlayıb cibindən 25 manat pulunu, 40 manat dəyərində olan mobil telefonunu və iki xırda buynuzlu heyvanı götürüb hadisə yerindən qaçan 5 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, 17 yaşlı çoban Cəmaləddin Hüseynov ərizəsində qeyd edib ki, saxlanılan şəxslər "VAZ-2106" və "VAZ-2107" markalı maşınlarla gələrək sahibsiz bildikləri qoyunları seçib maşına yığarkən bunu görüb və onlara yaxınlaşıb. Arada mübahisə yaranıb və gələn şəxslər onu döyməyə başlayıblar.

 

Saxlanılan Eldəniz Cəfərov cinayəti necə planlaşdırdıqlarını açıqlayıb: "Qərara gəldik ki, qoyunları götürək. Çobanın əl-qolunu bağladıq, qoyunları atdıq maşına və getdik".

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəlcə Ələkbər Rəsulov və Eldəniz Cəfərov, daha sonra dəstənin qalan 3 üzvü saxlanılıb. 1985-ci il təvəllüdlü Anar Piriyev hadisə yerində olan "VAZ-2107" markalı maşının sahibidir. Onun sözlərinə görə, onlar qoyunları oğurlamaq yox, almaq məqsədilə gediblər: "Mən çatanda dedilər ki, qoyunları verirsən, ver. Vermirsənsə, götürüb gedirik. Biz ora xoş niyyətlə getmişdik, amma söhbət alınmadı. Mən çatanda çobanın artıq əl-qolu bağlı idi".  

 

Digər saxlanılanlar da cinayətlərini etiraf ediblər.

 

Tamerlan Rəsulov: "Getdik qoyun almağa, çobanla söhbətimiz düşdü. Satmadı bizə, yerə yıxdıq, əl-qolunu bağladım. İki dənə qoyun atdım maşına, aparıb satdıq. Sonra bizi şöbəyə çağırdılar".

 

Rusif Mehralıyev: "Mən gəldim Xırdalana, mənə 10 manat pul verdilər. Ələkbər verdi orda olduğuma görə".

 

Abşeron Rayon Polis İdarəsindən bildiriblər ki, saxlanılan 5 nəfərdən ikisi əvvəllər məhkum olunub. Onların analoji cinayətlərdə iştirak etdiyi istisna olunmur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR