Tramp: "Klinton həbsxanada oturmalıdır" - TELEDEBAT

ABŞ-da prezidentliyə namizədlər Donald Trampla Hillari Klinton arasında növbəti debat baş verib.

 

APA TV-nin məlumatına görə, namizədlərin budəfəki görüşü bir sıra məqamlarla yadda qalıb.

 

Söz dueli əvvəlcə daxili və xarici siyasətin müzakirəsi ilə başlayıb, müzakirələrdə qanunsuz miqrasiya və ən əsası Rusiya məsələsinə geniş yer verilib.

 

Bu dəfəki debat zamanı Donald Tramp rəqibi Hillari Klintonu dövlət katibi işlədiyi zaman elektron poçt vasitəsilə həyata keçirdiyi yazışmalar zamanı gizlilik prinsipini pozmaqda ittiham edərək, onu həbsxana ilə hədələyib.

 

Seçki duelinin əsas müzakirə mövzularından biri şübhəsiz ki, Rusiya məsələsi olub. Demokratların namizədi Kremli təmsil etdiyi partiyanın serverlərinə kiberhücumlarda ittiham edib: "ABŞ kəşfiyyatı Kremlin, daha dəqiq Rusiya hökumətinin prezident seçkilərinə Amerikan serverlərinə xaker hücumları etdiyini aşkarlayıb. Bu məsələdə "Vikiliks" də iştirak edir. Ruslar açıq-aşkar informasiya oğrusudur. İndiyədək hansısa kənar bir oyunçunun, xarici dövlətin ABŞ-da səsvermənin nəticəsinə bu qədər ciddi təsir cəhdi olmayıb. Bunda əsas məqsəd D.Trampın qələbəsini təmin etməkdir".

 

O, eyni zamanda sözü gedən addımların səbəbini D.Trampın qələbəsinin Rusiya prezidenti Vladimir Putinin marağında olması ilə əsaslandırıb: "O, çıxışlarında hər zaman prezident Vladimir Putini tərifləyib. Bəlkə də bunun səbəbi Donald Trampın Moskvada biznesinin olmasıdır, bilmirəm".

 

Donald Trampın özü isə Rusiya ilə hər hansı əlaqəsinin olması haqqında deyilənləri təkzib edib: "Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Bunu hökumətdən də soruşa bilərsiniz. Mən heç Vladimir Putini tanımıram. Amma hesab edirəm ki, Moskva ilə münasibətlərin yaxşılaşması hər iki tərəfin xeyrinə olar. Nümunə üçün biz birlikdə İŞİD-ə qarşı mübarizə apara bilərik. Hər dəfə nə isə baş verəndə onlar Rusiyanı ittiham edir. Mən Rusiya və həmin ölkədə gedən daxili proseslər haqqında heç nə bilmirəm. Mənim Rusiyada biznesim yoxdur".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR