Azərbaycan prezidenti İstanbulda Türkiyənin dövlət başçısı ilə görüşüb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

APA TV-nin "AzərTAC"a istinadən məlumatına görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR