Yəməndə şiələrin mərasimi zamanı bombardman: 213 ölü, 500 yaralı

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə "ərəb koalisiyası"nın təyyarələrinin Yəməni bombalaması nəticəsində 213 nəfər həyatını itirib, 500-dən çox yaralı var. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, aviazərbələr paytaxt Sənaya endirilib.

Zərbələr şiə üsyançıların Məhərrəm ayı ilə bağlı matəm mərasimi keçirilən binaya endirilib. Həmin vaxt binada 1000 nəfərin olduğu deyilir.

Ölənlər arasında Sənanın meri Ədülqadir Hilal da var. Həyatını itirənlərin və yaralananların çoxu mülki şəxslərdir.

Şahidlər bombardmanın insanların mərasimə gəldiyi an başlandığını deyir.

Rəsmi Tehran hadisəyə münasibət bildirərək, bunu "dəhşətli cinayət" adlandırıb. Səudiyyə Ərəbistanı isə bu əməliyyatda iştirak etdiyini istisna edib.

Xatırladaq ki, Yəməndə münaqişə 2015-ci ilin martından başlayıb və bu vaxta qədər 7 mindən çox insan həyatını itirib.

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR