Vikinqlər Terimin komandasını iki dəqiqəyə "sındırdı": İSLANDİYA-TÜRKİYƏ 2:0

DÇ-2018-in seçmə mərhələsində bəzi qruplarda 3-cü turun görüşləri baş tutub. APA TV-nin məlumatına görə, Türkiyə millisi Reykyavikdə İslandiya yığmasının qonağı olub.

Azərbaycanlı futbol azarkeşlərinin də maraqla gözlədiyi görüş ingilis hakimin fiti ilə başlayıb. Soyuq və yağışlı hava şəraitində keçən oyunun ilk dəqiqələrində yerli komanda iki təhlükəli vəziyyət yaradıb. Sonrakı dəqiqələrdə oyun sönük xarakter alıb. Yağış səbəbi ilə sahənin ağır olması hər iki komandanın oyununa öz təsirini göstərib. Yalnız 25-ci dəqiqədə islandiyalıların kapitanı Siqurdssonun uzaqdan Volkan Babacanın qoruduğu qapıya zərbəsi yadda qalıb. Hesab isə 40-cı dəqiqədə açılıb. İslandiyalı Qudmonsonun texnikalı hərəkətlərindən sonra verdiyi ötürməni Byardonson qapıya yönəldib. Türkiyənin müdafiəçisi Ömərə dəyən top Volkanı çaşdırıb.



Türklər gözlərini açmamış qapılarından ikinci topu çıxarmağa məcbur olublar. Birinci qoldan iki dəqiqə sonra komanda yoldaşından mükəmməl pas alan Finnboqasson effektli zərbə vurub.



İkinci hissə də bütünlüklə birinci 45 dəqiqədən fərqlənməyib. İki top fərqi ilə öndə olan İslandiya millisi nisbətən rahat oyun nümayiş etdirib. Ara-sıra hücuma atılmaq istəyən Türkiyə millisində bu yalnız istək olaraq qalıb. Maraqsız keçən oyunda başqa qol olmayıb. Türklər soyuq adadan bu dəfə də məğlubiyyətlə ayrılıblar.


Xatırladaq ki, bu qrupda keçirilən digər oyunlarda Ukrayna Kosovanı 3:0 məğlub edib, Finlandiya yığması isə öz meydanında xorvatlara məğlub olub = 0:1. 3-cü turdan sonra Xorvatiya və İslandiya 4 xalla liderdirlər, Türkiyə

və Ukrayna 2 xalla üçüncü-dördüncü yerləri bölüşürlər, Finlandiya və Kosova isə 1 xalla son pillələrdə qərarlaşıblar.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR