Azərbaycan prezidenti: "Bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik"

“2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olub. Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Eyni zamanda neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.

 

“2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir.

 

Avropanın miqrant böhranı. Demək olar ki, o da bütün dünyada müşahidə olunur. Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da əlbəttə ki, əgər belə demək mümkündürsə, bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir”, - dövlət başçısı vurğulayıb.

 

Prezident bildirib ki, miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar: “Bu, ilk növbədə onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda əgər gələcəkdə bu meyl davam etsə, bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq".

 

Prezident qeyd edib ki, Azərbaycan öz yolu ilə gedir və Avropa ilə çox sıx əlaqələr qura bilib: "Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik? “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.

 

Prezident İlham Əliyev qeyd edib ki, həm Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda növbəti sənəd üzərində iş aparılır. "Biz Azərbaycanda böyük idman yarışları keçirmişik" deyən İlham Əliyev qeyd edib ki, 500 milyon auditoriyası olan “Formula-1” yarışının keçirilməsi, ilk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi, bundan başqa, Roma Papası Fransiskin Azərbaycana rəsmi səfəri böyük mötəbər tədbirlər arasında xüsusilə qeyd edilməlidir.

 

Azərbaycan prezidenti bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referenduma da diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, yüzdən çox xarici müşahidəçi referendumu izləyib: "Bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçiriblər. Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapıb".

 

Azərbaycan prezidenti bildirib ki, müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət veriblər.

 

Müşavirədə də Ermənistan-Azərbaycan münaqişəsindən danışan prezident İlham Əliyev bildirib ki, bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə edib. Onun sözlərinə görə, aprel döyüşləri tariximizin şanlı səhifəsidir: "Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik.

 

Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil”.

 

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir: “Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur. Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq.

 

Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır? Axı Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR