Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı beynəlxalq konfrans keçirildi
Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA TV-nin məlumatına görə, tədbirin açılışında çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov konfransın Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edildiyini, tədbirə müxtəlif ölkələrin beyin mərkəzlərindən təmsilçilərin dəvət olunduğunu bildirib.
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın ötən 25 ildə şərəfli yol keçdiyini söyləyib: “Azərbaycan sürətli inkişaf yolu keçib və bu gün dünyaya öz inkişaf modelini təqdim edir. Böhrana baxmayaraq, bu gün Azərbaycanın Ümumi Daxili Məhsulu Cənubi Qafqaz üzrə ÜDM-in 75 faizini təşkil edir. Azərbaycan Dünya Bankı tərəfindən “yüksək orta gəlirli ölkələr” sırasına daxil edilib. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə gedir. Bunun üçün təhsilə, müasir texnologiyalara sərmayə qoyuluşu artırılır. Azərbaycan artıq kosmik dövlətdir, “ASAN Xidmət” isə dünyada brendə çevrilib”.
Dağlıq Qarabaş münaqişəsinə diqqət çəkən Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın müstəqil, balanslaşdırılmış xarici siyasət həyata keçirir: "Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Təəssüf ki, münaqişə həllini tapmır. Beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir".
N.Məmmədov bildirib ki, rəhbərlik etdiyi Xarici əlaqələr şöbəsi Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı kitab hazırlayanda bəzi ölkələrin səfirləri öz fikirlərini yazmayıb: “Bu da bir göstəricidir. Mən diplomat deyiləm. Ancaq dünyadakı qeyri-sabitlikdən böyük dövlətlər nə qazanır? Böyük dövlətlər prosesləri elə dalana aparır ki, oradan çıxmaq mümkün olmur. İnam, etimad, anlaşma aradan qalxır və bu, narahatlıq doğurur".
Daha sonra konfrans çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayevanın moderatorluğu ilə “Azərbaycan qlobal arenada: Nailiyyətlər və çağırışlar” mövzusunda sessiya başlayıb.
Macarıstan Xarici Məsələlər və Ticarət İnstitutunun direktor müavini Laszlo Vasa Avropa İttifaqının idxal və ixrac sahəsində Azərbaycan üçün mühüm rol oynadığını deyib. Onun fikrincə, Azərbaycan xarici sərmayə üçün cəlbedici bir ölkə, eyni zamanda, önəmli bir investordur.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycanın 25 illik inkişafının heyrət doğurduğunu vurğulayıb. O qeyd edib ki, MDB məkanında yalnız iki ölkə - Azərbaycan və Qazaxıstan iqtisadi inkişaf baxımından sovet dövrünü üstələyib, Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu özünü göstərdi.
ABŞ-ın Ceymstaun Fondunun prezidenti Glen Hovard deyib ki, Azərbaycan ABŞ üçün həmişə önəmli ölkə olacaq. Bir gün əvvəl təmas xəttində Azərbaycan əsgərinin həlak olduğunu xatırladan qonaq bildirib ki, Ermənistanın Rusiyadan “İsgəndər” zenit-raket kompleksləri alması təhlükəlidir: “Bu, Cənubi Qafqazda yeni silahlanma yarışı yarada bilər. ABŞ administrasiyası bunu başa düşməli və Ermənistanın “İsgəndər” zenit-raket kompleksi almasına reaksiya verməlidir. Azərbaycan da Türkiyə, Pakistan və ya başqa bir ölkədən müdafiə üçün müvafiq silahlar ala bilər”.
Tədbir çıxışlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir