Türkiyə XİN rəsmisi: “ABŞ tezliklə Güləni təhvil verməlidir, başqa yol yoxdur”

"Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib". Bunu APA TV-yə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul deyib.

 

O, Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı aparılan danışıqlara da münasibət bildirib. Qeyd edib ki, ABŞ-ın bu məsələdə mövqeyi başadüşülən deyil: "Hesab edin ki, ABŞ-da bir terror təşkilatı var və bu təşkilatın lideri Türkiyədə yaşayır. Sizcə, belə bir şey mümkündürmü? Ona görə də bu məsələdə ABŞ-ın mövqeyi başadüşülən deyil. ABŞ tez bir zamanda terror təşkilatının liderini Türkiyəyə təhvil verməlidir. Biz bunu gözləyirik. Gec-tez bu olacaq. Çünki ABŞ-ın başqa çıxış yolu yoxdur".

 

Əli Rəsul Usulun sözlərinə görə, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir: "Bu il Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi qeyd olunur. Bu müddətdə Türkiyə daima Azərbaycanın yanında olub. Azərbaycan nə vaxt dara düşsə, Türkiyə onun yanında olub. Türkiyə də dara düşəndə Azərbaycan Türkiyənin yanındadır. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətləri özəldir. Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini qeyd etməsi ən çox bizi sevindirir".

 

Əli Rəsul Usul qeyd edib ki, Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığa və sərmayələrə verdiyi böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR