Məsciddən oğurluq edən şəxs: "Əməliyyat olunmuşdum, borcum vardı..."

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları 6 ay əvvəl Xırdalan şəhər məscidindən oğurluq edən şəxsi  yaxalayıb.

 

APA TV-nin xəbərinə görə, bu  ilin aprel ayında polis idarəsinə gələn İlham Məmmədov Xırdalan şəhərindəki Cümə məscidində sübh namazına gəlib ibadət edərkən gödəkçəsinin cibində olan 3500 manatın oğurlandığını bildirib.

 

Məscidə gələn hər kəsin şəxsiyyəti araşdırılıb. Müşahidə kamerasında bir nəfərin qapının yaxınlığında asılan gödəkçələrin ciblərinə baxdığı, daha sonra içəri keçib ibadət etdiyi əks olunur. Polis bu şəxsin 61 yaşlı Yaşar Kərimov olduğunu müəyyən edib. 6 aydan sonra yenidən məscidə gələn Kərimov zöhr namazından sonra həbs olunub.

 

O, törətdiyi cinayəti etiraf edib: "Ürəyim xəstə idi, əməliyyat olundum. Bir nəfər mənə pul vermişdi, mən də hər səhər məscidə gedirdim. Pulu qaytarmaq lazım idi. Gödəkçələrin birinə baxdım, gördüm pul var. Götürüb getdim".

 

Oğurluq yolu ilə əldə etdiyi pulun bir qismini Kərimov borcuna verir. Qalan pul isə kirayə qaldığı evin bir neçə aylıq ödənişinə xərclənir. "Oğurluq etdiyiniz yerə 6 aydan sonra təkrar niyə gəlmisiniz?" sualına isə saxlanılan şəxs belə cavab verib: "Hər gün dua edirdim ki, günahlarım yuyulsun".

 

Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR