Kənd sakini: "Ermənilər təlimləri yaxın ərazidə keçirir" - CƏBHƏ BÖLGƏSİNDƏN
Oktyabrın 6-da erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçirib. APA TV-nin Qabağ bürosunun məlumatına görə, təlimdə ağır artilleriya və zirehli texnikadan istifadə olunub.
Ermənilərin saat 11:00 radələrindən başladığı təlim-məşq atışları fasilələrlə 5 saatadək davam edib. Atəş səsləri Ağdam və Tərtərin cəbhəyə yaxın kəndlərində, eləcə də Ağcabədi və Bərdə rayonlarının bəzi kəndlərindən açıq aydın eşidilib. Ağdamın Təzəkənd kəndində öz təsərrüfatında çalışan kəndlilər gün boyu ermənilərin təxribat xarakterli bu taktikasına illərdir alışıq olduqlarını deyir. Kənd sakinləri bildirib ki, atışma hər gün var: "Cəbhə bölgəsində yaşayan adamlarıq. Ermənilər də yaxın ərazidədir. Atışma olmağına baxmayaraq, hamı öz işi ilə, öz təsərrüfatı ilə məşğuldur, heç kim qorxmur, çəkinmir. Bu ərazi lap yaxındır. Mən elə bilirəm 5-6 kilometr var".
Bu dəfə də ermənilərin keçirdiyi təlimlərdə istifadə edilən mərmilərin partlamamış qaldığı müşahidə olunub. Kənd sakinlərinin sözlərinə görə, gün ərzində açılan atəşlərdən 30 faizinin partlayış səsi eşidilmir. "Bu atılan silahlardan, o tərəfdən atılan mərmilərin səsindən hiss edirsən ki, partlayış yoxdur. Görünür ki, o partlamır, gəlib hara düşür, necə düşür elə o vəziyyətdə bütöv də qalır".
Kənd sakinləri bildirib ki, ermənilər yaxın məsafəni vuran toplardan istifadə edirlər: "Ancaq ən çox toplardan atırlar, zenit topları deyil. Yaxın məsafə üçün toplardır. Zenit topları olsa çox uzaq məsafəyə düşər mərmilər. Bir də minomyotlardan çox istifadə edirlər. Amma 120-likdən də istifadə eləmirlər. 80-lik, 81-lik, 82-lik minomyotlardan istifadə olunur. Səsləri zəif gəlir. Yəni güclü minomyotlardan istifadə eləsələr, o top qədər səs verər. İri çaplı pulemyotlardan da istifadə eləmirlər. Tək-tük də avtomat səsi gəlir".
Müsahibimizin sözlərinə görə, aprel döyüşlərində də eyni halla qarşılaşıblar. Ermənilərin yaşayış məntəqələrinə tuşladığı mərmilərin bir qismi düşdüyü yerdə açılmayıb. Partlamamış sursatlarla çirklənən ərazilər müvafiq qurumlar tərəfindən təmizlənir. Bunu əhali də təsdiq edir: "İmkan qədər ANAMA təmizləyir. Gedə bilmədiklərimiz heç, biz tərəfi təmizləyirlər".
Təlimlər günün ikinci yarısı saat 16:30 radələrinədək davam edib. Maraqlı məqamlardan biri isə budur ki, düşmən bu dəfə hərbi təlim və manevrlərini cəbhə xəttinə daha yaxın ərazilərdə həyata keçirib.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir